"MotorTrend" nəşrinin məlumatına görə, "Tesla" şirkəti arxadan çəkişli "Cybertruck Long Range" modelini geri çağırır. Buna səbəb təkərlərin qopmasına gətirib çıxara biləcək qüsurlu əyləc diskləridir. "National Highway Traffic Safety Administration" veb-saytında dərc edilən bildirişdə qeyd olunur ki, əyləc diskinin saplama dəlikləri çatlaya və saplamanın təkər topundan ayrılmasına səbəb ola bilər.
Geri çağırış "Tesla" tərəfindən satılan bütün 173 ədəd "Cybertruck" avtomobilinə şamil edilir. Bu modellər 18 düymlük polad disklərlə təchiz edilib və qiyməti 70 min ABŞ dolları təşkil edir. Şirkət problemlə bağlı potensial olaraq üç zəmanət tələbinin qeydə alındığını bildirib. Lakin bu nasazlıqla əlaqədar hər hansı toqquşma, ölüm və ya xəsarət halının məlum olmadığı vurğulanıb.
Bu, "Cybertruck" üçün sayca 11-ci geri çağırışdır. Bundan əvvəl qaz pedalı, bəzək elementləri, invertor, arxa görüntü kameraları və hətta şrift ölçüsü ilə bağlı problemlər yaşanmışdı. "Tesla" arxadan çəkişli modelini keçən ilin aprel ayında təqdim etsə də, bir neçə ay sonra istehsalını dayandırmışdı. Bu ilin fevral ayında isə qiyməti 60 min ABŞ dolları olan və bu geri çağırışın təsir etmədiyi ikimotorlu AWD versiyası buraxılıb.
"Tesla" nümayəndələrinin sözlərinə görə, təsirlənmiş avtomobillərdə kəskin yol nahamarlıqları və döngələr əyləc disklərindəki dəliklərə təzyiq göstərərək çatların yaranmasına səbəb ola bilər.
"Çatlama davam edərsə, təkər saplaması nəhayət topdan ayrıla bilər"deyə şirkətdən bildirilib. İstehsalçı ön və arxa əyləc disklərini, topları və qaykaları tamamilə pulsuz şəkildə dəyişdirəcəyini bəyan edib.






