ABŞ-ın Texas ştatının Katy şəhərində baş verən faciəvi qəza ilə bağlı 44 yaşlı Michael Butler həbs edilib. İyunun 19-da baş verən hadisə zamanı Butler-in idarə etdiyi "Tesla" markalı avtomobil 76 yaşlı Martha Avila-nın yaşadığı evə çırpılıb. Qəza nəticəsində Avila həyatını itirib.
İstintaq materiallarına və polis hesabatlarına görə, Butler qəza anında avtomobilin "Full-Self Driving" (FSD) rejimində olduğunu iddia edib. Lakin avtomobilin "qara qutu" məlumatları və video görüntülər tamamilə fərqli mənzərəni ortaya qoyub. Məlum olub ki, sürücü qəzadan əvvəl qaz pedalını 100% sıxaraq sürəti saatda 73 milə çatdırıb və əyləc pedalına ümumiyyətlə toxunmayıb.
Sürücünün "FSD" sistemi ilə bağlı narazılığı nə idi?
Polis tərəfindən Butler-in telefonunda aparılan yoxlamalar zamanı onun 2026-cı ilin may ayında "Google" axtarış sistemində "Tesla"-nın "FSD" sisteminin kifayət qədər aqressiv olmaması ilə bağlı çoxsaylı sorğular etdiyi aşkarlanıb. Sürücü sistemin "həddindən artıq ehtiyatlı" (timid) olmasından narazılığını ifadə edib.
"Tesla" şirkətinin süni intellekt üzrə rəhbəri Ashok Elluswamy hadisəyə münasibət bildirərək, sürücünün avtomobilin avtonom idarəetmə sistemini qaz pedalına tam basmaqla ləğv etdiyini vurğulayıb. Hazırda ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisə ilə bağlı araşdırmaları davam etdirir. Qurbanın ailəsi isə həm "Tesla", həm də Butler-ə qarşı məhkəmə iddiası qaldırıb.






