"Tesla" şirkəti dam örtüyü kimi dizayn edilmiş günəş panelləri olan "Solar Roof" məhsulunun istehsalını və satışını dayandırıb. "Electrek" nəşrinin məlumatına görə, şirkət üçüncü tərəf quraşdırıcılarına artıq bu məhsulun sifarişlərinin qəbul edilmədiyini bildirib. Bundan sonra "Tesla" yalnız standart günəş panelləri ilə təchizat həyata keçirəcək.
Şirkət bu qərarı rəsmi şəkildə elan etməsə də, rəsmi internet saytında edilən dəyişikliklər prosesi təsdiqləyir. Əvvəllər "Solar Roof" üçün ayrılmış xüsusi səhifə artıq avtomatik olaraq standart günəş panelləri səhifəsinə yönləndirilir. Həmçinin, "Tesla Energy" menyusunda məhsulun adı siyahıdan çıxarılıb.
Layihə niyə uğursuz oldu?
2016-cı ildə təqdim edilən və 2020-ci ildə kütləvi istehsalına başlanılan "Solar Roof" layihəsi gözlənilən uğuru qazana bilmədi. 2021-ci ildə Elon Musk layihənin idarə edilməsində ciddi səhvlərə yol verildiyini və bunun xərclərin artmasına səbəb olduğunu etiraf etmişdi. 2023-cü ildə "Wood Mackenzie" tərəfindən hazırlanan hesabatda, layihənin başladığı vaxtdan bəri ABŞ-da cəmi 3 000 evdə quraşdırıldığı qeyd olunub ki, bu da şirkətin hədəflədiyi həftəlik 1 000 ədədlik göstəricidən çox uzaqdır.
Maliyyə baxımından səmərəsiz hesab edilən bu layihədən imtina edən "Tesla", hazırda ənənəvi günəş panellərinə daha çox üstünlük verir. Şirkət bu sahədə istehsal gücünü artırmaq üçün Hyuston, Texas yaxınlığında 10 milyard ABŞ dolları dəyərində yeni bir zavod tikməyi planlaşdırır.






