"Tesla" şirkəti tərəfindən açıqlanan ikinci rübün istehsal və çatdırılma hesabatı, avtomobil istehsalçısının 2025-ci ildəki çətin satış dövründən sonra bərpa prosesinə başladığını göstərir. Cari ilin aprel və iyun ayları arasında şirkət ümumilikdə 451 758 avtomobil istehsal edib. Bu rəqəmin 442 936-nı "Model 3" və "Model Y", qalan 8 822-sini isə "Cybertruck" və "Tesla Semi" kimi digər modellər təşkil edib.
Şirkət rüblük hesabatında 480 126 avtomobilin müştərilərə çatdırıldığını bildirib ki, bu da 2025-ci ilin ikinci rübündəki 384 122 göstərici ilə müqayisədə 25 faizlik artım deməkdir. "Tesla" üçün çatdırılma rəqəmləri birbaşa satışların göstəricisi hesab olunur. Analitiklərin proqnozları 400 000-420 000 ədəd civarında olsa da, şirkət bu gözləntiləri üstələyib.
"Tesla" hansı çətinliklərlə üzləşir?
Müsbət maliyyə göstəricilərinə baxmayaraq, "Tesla" qismən avtomatlaşdırılmış sürücülük texnologiyası ilə bağlı mənfi xəbərlərlə mübarizə aparır. "Full Self-Driving" (FSD) sistemi ilə bağlı baş verən qəzalar, o cümlədən Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) istintaqı şirkətin nüfuzuna təsir edir. Bundan əlavə, Elon Musk-ın vəd etdiyi robotaksi xidməti hələ də Austin, Houston və Dallas şəhərlərində məhdud sayda - təxminən 60-70 ədəd "Model Y" ilə fəaliyyət göstərir.






