Çinin texnologiya nəhəngi "TCL", Cənubi Koreyanın "Samsung" şirkətinə qarşı Los-Anceles federal məhkəməsində iddia qaldırıb. İddiaya görə, "Samsung" özünün "M" seriyalı televizorlarını "Mini LED" texnologiyasına malik kimi təqdim edərək istehlakçıları yanıltmaqda ittiham olunur. "TCL" iddia edir ki, bu cihazlar əslində heç bir yenilik daşımayan, sadəcə yenidən işlənmiş standart LED televizorlardır.
"TCL"-in rəsmi nümayəndələri bildiriblər ki, "Samsung"-un bu addımı həm istehlakçıların hüquqlarını pozur, həm də "TCL"-in bazar nüfuzuna və texnoloji üstünlüyünə zərər vurur. Şirkətin iddiasına görə, "Mini LED" texnologiyası daha yüksək kontrast və dinamik diapazon təmin edir, lakin "Samsung"-un "M" seriyalı modelləri bu keyfiyyəti təklif etmir. "TCL" hesab edir ki, "Samsung" rəqabətədavamlı "Mini LED" məhsulları hazırlaya bilmədiyi üçün bu yola əl atıb.
Məhkəmə çəkişməsinin səbəbi nədir?
"TCL" 2023-2025-ci illər ərzində "Mini LED" televizor bazarında "Samsung"-u satış göstəricilərinə görə geridə qoyduğunu iddia edir. İddia ərizəsində qeyd olunur ki, "Samsung" mart ayında bazara çıxardığı ucuz "M" seriyalı televizorları "Mini LED" kimi reklam edərək, süni şəkildə bazar payını geri qaytarmağa çalışıb. "TCL" məhkəmədən "Samsung"-un bu terminin istifadəsini qadağan etməsini və dəymiş ziyanın ödənilməsini tələb edir.
"Samsung" isə öz növbəsində iddiaları rədd edərək, məhsullarının keyfiyyətinə və reklamların dəqiqliyinə tam əmin olduqlarını bəyan edib. Şirkət məhkəmədə öz mövqeyini qətiyyətlə müdafiə edəcəyini bildirib. Hazırda tərəflər arasında gedən bu hüquqi mübarizənin texnologiya bazarındakı rəqabətə necə təsir edəcəyi maraqla gözlənilir.






