Texnologiya dünyasında maraqla gözlənilən araşdırma öz təsdiqini tapıb. iFixit mütəxəssisləri NBC-nin dəstəyi ilə “T1 Phone” və “HTC U24 Pro” modellərini kompüter tomoqrafiyasından keçirərək hissələrə ayırıblar. Nəticədə cihazların daxili quruluşunun demək olar ki, tamamilə eyni olduğu və detalların bir-birini əvəz edə bildiyi müəyyən edilib.
Hansı fərqlər aşkar edilib?
Cihazlar arasında çox kiçik kosmetik və texniki fərqlər müşahidə olunub. Məsələn, “T1 Phone” modelində flaş işığının yeri və dinamik barmaqlığı bir qədər dəyişdirilib. Bundan əlavə, “T1 Phone”-da Micron çiplərindən istifadə edildiyi halda, “HTC U24 Pro” modelində SK hynix komponentlərinə üstünlük verilib. Batareya sahəsində də fərqlər var: “T1 Phone”-un batareyası Filippində istehsal olunub və 30 Vt gücündə daha yavaş enerji yığma dəstəyinə malikdir.
Bu oxşarlığın səbəbi nədir?
Daha əvvəl “HTC” şirkəti kənar brendlər üçün smartfon istehsal etmədiyini bəyan etsə də, bu vəziyyət suallar yaradır. Ehtimal olunur ki, həm “HTC”, həm də “Trump Mobile” eyni Çin istehsalçısı ilə əməkdaşlıq edir. “HTC” 2017-ci ildə öz smartfon biznesini “Google”-a satdıqdan sonra, hazırkı modellərini Çində sifariş əsasında hazırlatdırır. Bu fakt “T1 Phone”-un “amerikalı smartfon” kimi təqdim edilməsinin əsasını şübhə altına alır.






