Oyun dünyasının klassiklərindən olan "Super Mario Bros." oyununun açılmamış və orijinal qablaşdırmada qalan nüsxəsi "Heritage Auctions" tərəfindən təşkil edilən hərracda 3 milyon ABŞ dolları qarşılığında satılıb. Bu göstərici ilə oyun öz sahəsində ən bahalı satış rekordunu yeniləyib. Xatırladaq ki, bundan əvvəlki rekord 2021-ci ildə 2 milyon ABŞ dolları məbləğində qeydə alınmışdı.
Bu oyun nüsxəsini xüsusi edən nədir?
Satılan nüsxənin yüksək qiymətə sahib olmasının əsas səbəbi onun nadir istehsal xüsusiyyətləridir. 1985-ci ildə ikinci tirajla buraxılan bu oyun, termoplastik plyonka əvəzinə xüsusi parlaq stikerlə möhürlənib. Professional Sports Authenticator şirkəti tərəfindən qiymətləndirilən bu kolleksiya nümunəsi 9,6 A++ reytinqinə layiq görülüb və məlum olan ən erkən qablaşdırılmış nüsxə hesab edilir.
Son illərdə oyun sənayesinə aid vintage kolleksiya əşyalarının dəyəri sürətlə artmaqdadır. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə eyni hərrac evində "Super Mario Bros." oyununun başqa bir nüsxəsi cəmi 114 min ABŞ dollarına satılmışdı. Qısa müddət əvvəl isə "Super Mario 64" kartrici 1,56 milyon ABŞ dollarına alıcı tapmışdı.






