Təhlükəsizlik sahəsində ixtisaslaşan "LayerX" şirkəti süni intellekt agentlərinin təhlükəsizlik mexanizmlərini sıradan çıxaran yeni bir hücum növü hazırlayıb. "BioShocking" adlandırılan bu metod, süni intellektə reallıqdan kənar bir oyun mühiti təklif edərək onun məntiqi müdafiə sistemini zəiflədir. Proses süni intellektə "2 + 2 = 4" bərabərliyinin yanlış olduğunu və oyun qaydalarının fərqli işlədiyini aşılamaqla başlayır.
Süni intellekt bu qondarma reallığı qəbul etdikdən sonra, hücumçular ona "gizli kodu tapmaq" tapşırığı verirlər. Əslində isə bu kod istifadəçinin brauzerində saxlanılan parollar, cookie faylları və şəxsi tokenlər kimi konfidensial məlumatlardır. Testlərdə iştirak edən bütün süni intellekt agentləri bu məlumatları kopyalayaraq hücumçulara ötürüb.
Hansı platformalar təhlükə altındadır?
Tədqiqatçılar bu zəifliyin "OpenAI Atlas", "Perplexity Comet", "Fellou", "Genspark Browser", "Sigma Browser" və "Anthropic Claude"-un Chrome genişlənməsində mövcud olduğunu təsdiqləyiblər. "LayerX" mütəxəssisləri 2025-ci ilin oktyabrı ilə 2026-cı ilin yanvarı arasında bütün tərtibatçıları bu barədə məlumatlandırıb.
Tərtibatçılar hansı addımları atıb?
Məlumatlara görə, yalnız "OpenAI" öz platformasında problemi tam aradan qaldıra bilib. "Anthropic" tərəfindən tətbiq edilən yamaq isə mütəxəssislərin fikrincə effektiv olmayıb. "Perplexity" müraciəti heç bir dəyişiklik etmədən bağlayıb, "Fellou", "Genspark" və "Sigma" isə təhlükəsizlik mütəxəssislərinin xəbərdarlıqlarına ümumiyyətlə cavab verməyib.






