Süni intellektin sürətli inkişafı bazarda yaddaş çiplərinə olan tələbatı artıraraq ciddi defisit yaradıb. Qiymətlərin kəskin yüksəlməsi fonunda SSD və yaddaş modulu istehsalçıları fəaliyyətlərini davam etdirmək üçün çətin şərtlərlə üzləşiblər. Şirkətlər məhsul tədarükünü stabil şəkildə həyata keçirmək məqsədilə çoxmilyonluq borclanmaya getməyə məcbur qalıblar.
"TechSpot" nəşrinin Tayvanın "Commercial Times" qəzetinə istinadən verdiyi məlumata görə, "Adata", "TeamGroup", "Apacer", "Innodisk", "Transcend" və "Silicon Power" kimi tanınmış istehsalçılar bizneslərini ayaqda saxlamaq üçün ümumilikdə 880 milyon ABŞ dolları borc cəlb ediblər. Bu vəsaitlər əsasən istiqraz buraxılışı, kreditlər və səhm yerləşdirilməsi yolu ilə əldə olunub.
Maraqlıdır ki, bu borclanma şirkətlərin maliyyə göstəricilərinin artdığı bir dövrə təsadüf edir. Məsələn, "Adata" şirkətinin mart ayındakı gəliri ilk dəfə olaraq 316 milyon ABŞ dollarını (yerli valyuta ilə 10 milyard Tayvan dolları) ötüb. Şirkətin rüblük gəliri isə illik müqayisədə iki dəfədən çox artaraq 826 milyon ABŞ dollarına çatıb. Gəlirlərin yüksək olmasına baxmayaraq, xammal qiymətlərinin hər rüb onlarla faiz bahalaşması dövriyyə vəsaitlərinin təcili artırılmasını tələb edir.
Mütəxəssislərin fikrincə, mövcud böhran yaxın gələcəkdə daha da dərinləşə bilər. Yaddaş çiplərinin istehsal həcminin ən azı gələn ilə və ya daha sonrakı dövrə qədər əhəmiyyətli dərəcədə genişləndirilməsi gözlənilmir. Bu isə o deməkdir ki, texnologiya şirkətləri xammal tədarükü üçün daha böyük büdcələr ayırmalı olacaqlar.






