"SpaceX" şirkəti tərəfindən hazırlanan yeni "Starlink" V5 peyk anteni artıq bəzi seçilmiş bölgələrdə istifadəyə verilib. Şirkət istehsal həcmini artıraraq, yaxın gələcəkdə bu yeni avadanlığı qlobal bazara daha geniş şəkildə çıxarmağı planlaşdırır. Yeni model əvvəlki V4 versiyası ilə müqayisədə xeyli kiçik və yüngül olması ilə fərqlənir.
Texniki xüsusiyyətlərinə görə, "Starlink" V5 cəmi 1,1 kq çəkiyə malikdir ki, bu da 2,9 kq olan V4 modelindən iki dəfədən çox yüngüldür. Enerji səmərəliliyi baxımından da ciddi irəliləyiş müşahidə olunur: yeni model orta hesabla 35-50 Vt enerji sərf edir, V4-də isə bu rəqəm 75-100 Vt təşkil edirdi. Bununla belə, yeni antenin pik yüklənmə zamanı yükləmə sürəti 375 Mbps təşkil edir ki, bu da V4-ün 400+ Mbps göstəricisindən bir qədər aşağıdır.
Qeyd etmək lazımdır ki, "Starlink" V5 hərəkətdə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmayıb. Şirkət hərəkət zamanı internet bağlantısı üçün yaxın vaxtlarda təqdim ediləcək yenilənmiş "Starlink" Mini modelini gözləməyi tövsiyə edir. Hər iki model Router 2, 3 və Router Mini ilə tam uyğunluq təşkil edir.






