İlon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkəti süni intellekt bazarında mövqeyini gücləndirmək məqsədilə "Cursor" xidmətini almaq üçün danışıqlara başlayıb. Aprelin 22-də elan edilmiş strateji tərəfdaşlıq çərçivəsində tərəflər kod yazmaq üçün dünyanın ən qabaqcıl süni intellekt sistemini yaratmağı hədəfləyirlər. Qeyd edək ki, avtomatik proqram kodu generasiyası üzrə ixtisaslaşan "Cursor" xidməti 2022-ci ildə ABŞ-nin "Anysphere" startapı tərəfindən yaradılıb.
"SpaceX"in əsas məqsədi "Cursor"un "Composer" adlı flaqman məhsulunu 2024-cü ildə "xAI" tərəfindən xüsusi olaraq süni intellekt təlimi üçün hazırlanmış "Colossus" superkompüteri ilə inteqrasiya etməkdir. Razılaşmanın şərtlərinə görə, kosmik şirkət 2026-cı ilin sonunadək "Cursor"u 60 milyard ABŞ dolları müqabilində tamamilə ala bilər. Alternativ olaraq, mövcud əməkdaşlığın qorunması üçün 10 milyard ABŞ dolları ödənilməsi nəzərdə tutulur ki, bu da platformanın yüksəkixtisaslı mühəndislər arasındakı dəyərini sübut edir.
Kosmosda məlumat mərkəzləri necə işləyəcək?
"Tesla" avtomobil istehsalından kənara çıxaraq insanabənzər robotlar yaratdığı kimi, "SpaceX" də artıq sadəcə kosmik şirkət olmaqdan çıxıb. Minlərlə peykdən ibarət "Starlink" şəbəkəsini idarə edən şirkət indi kosmosda məlumat emalı mərkəzləri qurmağa hazırlaşır. Bu yeni infrastrukturun reallaşdırılması üçün ABŞ Federal Rabitə Komissiyasına təxminən 1 milyon peykdən ibarət şəbəkənin yaradılması məqsədilə müraciət edilib. Həmçinin, fevralın 2-də "SpaceX" kosmik tədqiqatları dəstəkləmək üçün "xAI" şirkətini aldığını elan etmişdi.
"Terafab" layihəsi nə üçün vacibdir?
Süni intellekt üçün nəhəng peyk və kompüter sistemlərinin yaradılması böyük həcmdə mikrosxem tələb edir. Bu tələbatı ödəmək üçün İlon Mask martın 24-də "Terafab" layihəsini təqdim edib. Layihə "Tesla", "SpaceX" və "xAI" şirkətlərinin birgə iştirakı ilə çip istehsalı zavodunun inşasını nəzərdə tutur. İstehsal ediləcək çiplər "Tesla" avtomobillərinin avtonom idarəetməsində, "Optimus" robotlarında və orbital məlumat mərkəzlərinin fəaliyyətində istifadə olunacaq.
Süni intellekt "SpaceX"ə nə vəd edir?
"Cursor" ilə tərəfdaşlıq tam ixtisaslaşmış süni intellekt infrastrukturunun və proqram təminatının yaradılmasında mühüm addımdır. Bundan əlavə, "SpaceX" iyun ayında baş tutacaq və şirkətin dəyərini təxminən 1750 milyard ABŞ dolları səviyyəsinə çatdıra biləcək ilkin kütləvi səhm yerləşdirməsinə (IPO) doğru irəliləyir. Şirkətin süni intellektə doğru yeni kursu, kosmik sənayedən daha çox bu sektorun sürətli böyüməsində maraqlı olan əlavə investorları cəlb etmək strategiyası kimi qiymətləndirilir.






