"Snap" və "Qualcomm" şirkətləri arasında çoxillik strateji əməkdaşlıq müqaviləsi imzalanıb. Bu razılaşmaya əsasən, "Snap" şirkətinin gələcəkdə istehlakçılar üçün təqdim edəcəyi yeni nəsil artırılmış reallıq (AR) eynəkləri "Snapdragon XR" çipləri ilə təchiz olunacaq. İki şirkət arasındakı bu tərəfdaşlıq ilk deyil, çünki əvvəlki "Spectacles" modellərində də "Qualcomm" texnologiyalarından istifadə edilib.
Birgə bəyanata görə, yeni platforma cihazdaxili süni intellekt, qabaqcıl qrafika və çoxistifadəçili rəqəmsal təcrübələr kimi sənayedə aparıcı imkanlar təqdim edəcək. Qeyd edək ki, "Snap" artıq on ildir ki, ağıllı eynəklər üzərində işləyir və kameralı ilk "Spectacles" modeli 2016-cı ildə işıq üzü görüb. Lakin rəqəmsal obyektləri real dünyaya inteqrasiya edən son bir neçə nəsil AR eynəkləri geniş istehlakçı kütləsi üçün əlçatan olmayıb.
Bu ilin əvvəlində "Snap" özünün ağıllı eynəklər üzrə komandasını müstəqil bir şirkətə çevirib və istehlakçılar üçün nəzərdə tutulan yeni eynəklərin 2026-cı ildə buraxılacağını bir daha təsdiqləyib. Eyni zamanda, rəqabət də getdikcə qızışır. Belə ki, "Meta" şirkəti öz AR eynəklərini 2027-ci ildə satışa çıxarmağı planlaşdırır, "Google" və "Samsung" bu sahədə birgə işləyir, "Apple" isə analoji cihazın inkişafı üzərində çalışır.






