Ceff Bezos tərəfindən dəstəklənən "Slate Auto" elektromobil startapı C seriyalı maliyyələşdirmə raundunda 650 milyon ABŞ dolları cəlb edib. Bu vəsait qiyməti 25 min ABŞ dolları civarında olacağı gözlənilən sərfəli elektrikli pikapın istehsalına yönəldiləcək. Raund Mark Uolter və Tomas Tull tərəfindən idarə olunan "TWG Global" şirkətinin liderliyi ilə baş tutub. Hər iki şəxs əvvəllər "Slate"in ötən il ayrıldığı, Bezosun sahibi olduğu "Re:Build Manufacturing" şirkətinə də investisiya yatırıb. "Bloomberg" nəşrinin məlumatına görə, startapın dəyəri 2025-ci ilin yanvar ayında 1,2 milyard ABŞ dolları olaraq qiymətləndirilib.
Şirkətin baş direktoru Piter Farisi bildirib ki, yeni investisiya istehsalın növbəti mərhələlərinə vaxtında və büdcəyə uyğun çatmağa imkan verəcək:
"Gələcək müştərilərimizin iyun ayından etibarən "Slate Truck" üçün əvvəlcədən sifariş verməsini səbirsizliklə gözləyirik."Startap artıq minimalistik və modulyar dizayna malik ilk elektromobili üçün 160 min sifariş aldığını açıqlayıb.
Ötən il təqdim edilən iki nəfərlik "Slate Truck" boyasız, elektrikli şüşə qaldırıcılar, radio və hətta məlumat-əyləncə sistemi olmadan satışa çıxarılacaq. Bunun əvəzinə, "Slate" sahiblərinə avtomobili öz zövqlərinə uyğun fərdiləşdirməyə imkan verən müxtəlif aksesuarlar təklif edəcək. Bu əlavələr sırasına pikapı beş nəfərlik SUV modelinə çevirən xüsusi dəst də daxildir. Avtomobilin yekun pərakəndə satış qiymətinin 2026-cı ilin iyun ayında açıqlanması gözlənilir.
Yeni elektromobil İndiana ştatının Varşava şəhərində yerləşən və dəyəri 400 milyon ABŞ dolları olan zavodda istehsal ediləcək. Şirkət rəsmilərinin sözlərinə görə, bu layihə Kosciusko dairəsində 2 mindən çox yeni iş yeri yaradacaq. Eyni zamanda, zavodun fəaliyyətinin qarşıdakı 20 il ərzində ştatın iqtisadiyyatına 39 milyard ABŞ dolları həcmində gəlir qazandıracağı hədəflənir.






