"Bloomberg" nəşrinin məlumatına görə, "JPMorgan" texnologiya konfransında çıxış edən "Seagate Technology" şirkətinin baş direktoru Deyv Mosli yaddaş qurğularının istehsal gücünü artırmaq ideyasını rədd edib. O bildirib ki, yeni fabriklərin inşası çox vaxt aparır və şirkətin resurslarını israf edir. Rəhbərin sözlərinə görə, gələcəkdə tələbat azaldıqda və ya stabilləşdikdə bu addım qaçılmaz olaraq həddindən artıq istehsala gətirib çıxaracaq.
Bu bəyanatlar birjada dərhal mənfi reaksiya ilə qarşılanıb. Nəticədə, "Seagate" səhmlərinin dəyəri 6,9 % ucuzlaşıb. Eyni zamanda, bu tendensiya digər böyük yaddaş çipi və qurğu tədarükçülərinin də səhmlərinə təsirsiz ötüşməyib. Belə ki, "Samsung Electronics" 5,3 %, "SK hynix" 5,4 %, "Sandisk" 5,3 % və "Nanya Technology" isə 9,8 % dəyər itirib.
Deyv Mosli hələ bu ayın əvvəlində "Bloomberg" nəşrinə verdiyi müsahibədə şirkətin əsas hədəflərini açıqlamışdı. O vurğulamışdı ki, əsas diqqət istehsal həcminin artırılmasına deyil, məlumatların saxlanma sıxlığının yüksəldilməsinə yönəldilməlidir. Baş direktor hesab edir ki, bazarın artan tələbatı yeni müəssisələrin tikintisindən daha çox, mövcud texnologiyaların təkmilləşdirilməsi yolu ilə daha sürətli və optimal şəkildə ödənilə bilər.
Şirkət rəhbəri müştərilərin də bu strategiyaya etiraz etmədiyini diqqətə çatdırıb. Bununla belə, o etiraf edib ki, "Seagate" müştərilərin gələcək 5 rüb ərzindəki ehtiyaclarını bilsə də, hazırda mövcud tələbatı tam şəkildə qarşılamaq iqtidarında deyil. Məhz bu səmimi etiraflar bazar iştirakçılarının narahatlığına və səhmlərin kütləvi şəkildə ucuzlaşmasına səbəb olub.






