"Samsung" şirkətinin yeni "Galaxy Watch 9" smart saatları haqqında detallar rəsmi təqdimat ərəfəsində sızdırılıb. Məlumatları texnologiya dünyasında nüfuzlu insayder Evan Blass paylaşıb. Yeni qurğuların təqdimatı 22 iyul tarixində keçiriləcəyi gözlənilən "Galaxy Unpacked" tədbirində baş tutacaq.
Sızdırılan marketinq materiallarına əsasən, cihazın ən böyük yeniliyi Qualcomm tərəfindən hazırlanan 3-nm "Snapdragon Wear Elite" çipidir. Bu prosessor əvvəlki "Exynos W1000" çipi ilə müqayisədə 50 faiz daha yüksək məhsuldarlıq vəd edir. Xüsusi neyron prosessoru (NPU) sayəsində saat, smartfonla əlaqə olmadan belə, süni intellekt əsaslı fitnes məşq funksiyalarını yerinə yetirə bilir.
Dizayn və funksionallıq nələri dəyişir?
Saatın xarici görünüşü əvvəlki modellərlə oxşarlıq təşkil etsə də, istifadəçilərə dörd yeni mat rəng seçimi təqdim olunacaq: ağ, tünd mavi, zeytun yaşılı və klassik qara. Yeni funksiyalar arasında həyati göstəricilərin izlənməsi, yuxu apnoesinin monitorinqi və addım-addım təlimat verən qaçış məşqçisi yer alır. Həmçinin, "Vitals" paneli vasitəsilə normadan kənar göstəricilər barədə xəbərdarlıqlar almaq mümkün olacaq.
Batareya tutumu ilə bağlı rəsmi məlumat olmasa da, əvvəlki şayiələrə görə 40 mm-lik modeldə 325 mAh, 44 mm-lik modeldə isə 445 mAh tutumlu batareyanın istifadə ediləcəyi gözlənilir. Bu, "Galaxy Watch 8" ilə müqayisədə 10 mAh artım deməkdir.






