Rusiya Sənaye və Ticarət Nazirliyi smartfon, mobil telefon və noutbuklar üçün yeni texnoloji rüsum dərəcələrini rəsmən təsdiqləyib. 15 oktyabr tarixində Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınan və 88 767 nömrəsi ilə dərc olunan əmrə əsasən, bu ödənişlər 1 dekabr tarixindən etibarən həm yerli, həm də xarici istehsal olan cihazlara şamil ediləcək.
Rüsumun məbləği cihazın kateqoriyasından və onun dövlət markalanma sistemindəki məlumat bazasında olub-olmamasından asılıdır. Bazaya daxil edilmiş məlumatı olan smartfonlar üçün rüsum 250 rus rublu, noutbuklar üçün isə 500 rus rublu təşkil edəcək. Lakin markalanma sistemində məlumatı olmayan cihazlar üçün bu rəqəmlər demək olar ki, iki dəfə artaraq smartfonlar üçün 496 rus rubluna, noutbuklar üçün isə 992 rus rubluna çatacaq.
Bu rüsumlar istehsalçılar və idxalçılar tərəfindən ödənilən qeyri-vergi ödənişləri kateqoriyasına aiddir. Rusiya Sənaye və Ticarət Nazirliyinin qiymətləndirmələrinə görə, bu tədbir nəticəsində növbəti altı il ərzində ümumilikdə 136 milyard rus rublu vəsait toplanması nəzərdə tutulur. Toplanan vəsaitlər ölkənin elektron və radioelektron sənayesinin inkişafına, o cümlədən yerli istehsalın stimullaşdırılmasına sərf olunacaq.






