ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu tərəfindən tətbiq edilən yeni “Qoşulmuş Nəqliyyat Vasitəsi Qaydası” (Connected Vehicle Rule) çərçivəsində “Polestar” şirkətinə 2027-ci il və ondan sonrakı modellərin satışı üçün icazə verilməyib. Qərar, Çinə məxsus proqram təminatı ilə təchiz olunmuş nəqliyyat vasitələrinin ABŞ bazarına girişinin məhdudlaşdırılmasını nəzərdə tutur. Qeyd edək ki, “Polestar” Çinin ən böyük avtomobil istehsalçılarından biri olan “Geely” şirkətinə məxsusdur.
Bu qadağa nələri əhatə edir?
Yeni qaydalar avtomobilin xarici dünya ilə əlaqəsini təmin edən Bluetooth, Wi-Fi, mobil və peyk komponentlərini əhatə edir. Həmçinin, kameralar, sensorlar və bort kompüterləri kimi texnologiyaların xarici rəqiblər tərəfindən ABŞ vətəndaşları və infrastrukturu haqqında həssas məlumatları toplamaq üçün istifadə edilə biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur. Bundan əlavə, Çinin özünüidarə edən avtomobillərini ABŞ ərazisində sınaqdan keçirməsi də qadağan edilib.
“Polestar”ın növbəti addımları nə olacaq?
Şirkətin sözçüsü Michael Ofiara bildirib ki, mövcud müştərilərə dəstək göstərilməyə davam ediləcək və bütün zəmanət öhdəlikləri qüvvədə qalacaq. “Polestar” ABŞ-dakı satışlarını 2027-ci il modellərindən etibarən dayandırsa da, diqqətini satışlarının 80 faizini təşkil edən Avropa bazarına yönəldəcək. Şirkətin baş direktoru Michael Lohscheller, “Polestar 7” modelini Avropada istehsal etməyi planlaşdırdıqlarını və Cənub-Şərqi Asiya, Şərqi Avropa, Latın Amerikası və Kanada kimi bazarlara investisiyaları artıracaqlarını vurğulayıb.






