"Sony" şirkəti Böyük Britaniyanın Onlayn Təhlükəsizlik Aktına riayət etmək məqsədilə "PlayStation" oyunçularına yaş təsdiqi tələbləri barədə bildirişlər göndərməyə başlayıb. Böyük Britaniya və İrlandiyadakı "PlayStation 4" və "PlayStation 5" sahibləri yaşlarını təsdiqləmədikləri təqdirdə, 2026-cı ilin iyun ayından etibarən səsli çatlar, mesajlaşma, qruplar və digər üçüncü tərəf kommunikasiya xidmətlərindən istifadə edə bilməyəcəklər.
Şirkətin dəstək xidmətinin məlumatında deyilir:
"2026-cı ilin iyun ayından etibarən yaş təsdiqini tamamlamamısınızsa, "PlayStation"da oynamağa davam edə bilərsiniz, lakin yaşınızı təsdiqləyənə qədər bəzi funksiyalar əlçatan olmayacaq."Yaş təsdiqi həmçinin oyun prosesini "YouTube" və ya "Twitch" platformalarında yayımlamaq və ya paylaşmaq üçün də tələb olunacaq.
"Sony" bu prosesi həyata keçirmək üçün "Yoti" şirkəti ilə tərəfdaşlıq edib. İstifadəçilər mobil nömrə, üz skanı və ya şəxsiyyət vəsiqəsi vasitəsilə yaşlarını təsdiqləyə bilərlər. Bu məhdudiyyətlər "Microsoft" şirkətinin ötən il "Xbox" üçün tətbiq etdiyi qaydalara bənzəyir. "Microsoft" da eyni məqsədlə "Yoti"dən istifadə edir və oyunçuların sosial funksiyalara tam çıxış əldə etməsi üçün 18 yaşdan yuxarı olması tələb olunur. Qaydalar 2026-cı ilin iyun ayına qədər məcburi olmasa da, istifadəçilər funksiyalara çıxışı itirməmək üçün prosesi əvvəlcədən tamamlaya bilərlər.






