Süni intellekt sahəsinin nəhəngi "OpenAI"-də kadr dəyişiklikləri sürətlənib. Şirkətin baş gəlir direktoru (CRO) Denise Dresser yaxın həftələrdə vəzifəsini tərk edəcəyini elan edib. Dresser bu qərarını yeni imkanları dəyərləndirmək istəyi ilə əsaslandırıb. O, "OpenAI"-yə ötən ilin dekabrında "Slack" şirkətinin baş icraçı direktoru vəzifəsindən ayrıldıqdan sonra qoşulmuşdu.
Dresser-in gedişi "OpenAI" rəhbərliyində baş verən silsilə istefaların yalnız bir hissəsidir. Cəmi iki gün əvvəl şirkətin xüsusi layihələr üzrə rəhbəri və keçmiş COO-su Brad Lightcap da vəzifəsindən ayrılacağını bəyan etmişdi. Bundan əlavə, AGI-nin keçmiş rəhbəri Fidji Simo və keçmiş CMO Kate Rouch da yaxın dövrdə şirkətlə yollarını ayırıblar.
Şirkətdə kadr dəyişikliyi necə həyata keçiriləcək?
"OpenAI" rəsmi açıqlamasında Dresser-in yerinə "Wiz" şirkətinin prezidenti və COO-su Dali Rajic-in gələcəyini bildirib. Şirkət rəhbərliyi qeyd edib ki, "OpenAI" hazırda dönüş nöqtəsindədir və yeni nəsil modellərin tətbiqi üçün gəlir sisteminin miqyaslanması vacibdir. Dali Rajic-in bu yeni mərhələdə şirkətin gəlir əməliyyatlarını idarə edəcəyi gözlənilir.
Qeyd edək ki, bu istefalar "OpenAI"-nin ilkin kütləvi təklif (IPO) prosesinə hazırlaşdığı bir dövrə təsadüf edir. Şirkət iyun ayında ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) məxfi S-1 sənədini təqdim etdiyini açıqlamışdı.






