Nvidia şirkəti Computex 2026 sərgisində özünün ilk istehlakçı seqmenti üçün nəzərdə tutulmuş prosessorunu təqdim edib. RTX Spark ailəsinə daxil olan flaqman çip 20 nüvəli mərkəzi prosessor və 6144 CUDA nüvəsi ilə təchiz olunub. Bu texnologiya xüsusilə süni intellekt sahəsində çalışan mütəxəssislər üçün yüksək məhsuldarlıq vəd edir.
Layihədə Dell, Asus, MSI, HP, Lenovo və Microsoft kimi nəhəng tərəfdaşlar iştirak edir. Onlar süni intellektin inkişafı üçün nəzərdə tutulmuş ən nazik və yüngül noutbuklar, həmçinin masaüstü kompüterlər hazırlayacaqlarını bildiriblər. Microsoft artıq Surface Laptop Ultra və Surface RTX Spark Dev Box modellərini anons edib.
RTX Spark kompüterləri nə üçün bahadır?
Həm Nvidia, həm də Microsoft rəsmiləri, o cümlədən Microsoft-un vitse-prezidenti Endryu Hill qiymət siyasəti barədə məlumat verməkdən çəkiniblər. Lakin bazardakı qıtlıq və yaddaş modullarının qiymət artımı fonunda, analitiklər və sərgi iştirakçıları qiymətlərin olduqca yüksək olacağını proqnozlaşdırırlar.
Sərgidəki mənbələrin məlumatına görə, Nvidia-nın rəhbəri Censen Xuanq tərəfindən nümayiş etdirilən RTX Spark N1X çipli kompüterlərin qiyməti 2500 ABŞ dollarından başlayacaq. Daha sadə N1 prosessorlu modellərin isə təxminən 2000 ABŞ dolları civarında olacağı gözlənilir. Morgan Stanley analitikləri isə bu rəqəmlərin 1800 ilə 2900 ABŞ dolları arasında dəyişə biləcəyini qeyd edirlər.






