"Nvidia" şirkəti yeni nəsil Vera Rubin server komponentlərinin və hazır sistemlərin tədarükünə tam gücü ilə başladığını elan edib. Şirkətin məlumat mərkəzləri üzrə vitse-prezidenti İen Bak bildirib ki, yeni avadanlıqlar artıq ən böyük müştərilərin infrastrukturunda quraşdırılıb və istifadəyə verilib. Bu açıqlama investorların istehsalın miqyası ilə bağlı narahatlıqlarını aradan qaldırmaq məqsədi daşıyır.
Yeni serverlərin dizaynı montaj prosesini sadələşdirmək üçün optimallaşdırılıb. Kabel bağlantılarının sayının minimuma endirilməsi sayəsində yığım prosesində robotlardan istifadə imkanı yaranıb. Həmçinin, maye soyutma sisteminin tətbiqi korpus daxilində yerə qənaət edərək ventilyatorların sayını azaldıb.
Hansı şirkətlər "Vera Rubin" sistemlərindən istifadə edir?
Hazırda Google, CoreWeave, Microsoft, Meta Platforms və Dell Technologies kimi nəhəng şirkətlər bu sistemləri tətbiq edirlər. OpenAI startapının isə cari rübdə Vera Rubin sistemlərinin genişmiqyaslı istismarına başlaması planlaşdırılır. CoreWeave-in məlumatına görə, yeni nəsil sistemlər sələfləri ilə müqayisədə on dəfə daha çox token emal etmək gücünə malikdir.
Nvidia nümayəndələri həmçinin iddia edirlər ki, Vera mərkəzi prosessorları Python proqramlaşdırma dilində rəqibləri olan AMD Turin prosessorlarından 1,8 dəfə daha sürətlidir. AMD isə öz növbəsində bildirib ki, müqayisə yeni Venice prosessorları ilə aparılarsa, performans fərqi bu qədər böyük olmayacaq.






