"DS" konsollarının populyar olduğu dövrdə "Nintendo" şirkəti "Amazon" platformasında satışları dayandırmaq qərarına gəlmişdi. Yaxınlarda Nyu-York Universitetində (NYU) çıxış edən "Nintendo of America"nın sabiq rəhbəri Reggie Fils-Aimé bu addımın səbəblərini açıqlayıb. O bildirib ki, elektron ticarət nəhəngi digər pərakəndə satıcılarla münasibətlərə zərər vura biləcək və qanun pozuntusu sayılan xüsusi imtiyazlar tələb edirdi.
2000-ci illərdə "Amazon" yalnız kitab satışından kənara çıxaraq aqressiv şəkildə genişlənir və qiymətləri aşağı salmağa çalışırdı. Fils-Emenin sözlərinə görə, şirkət hətta "Walmart"ı belə geridə qoymaq üçün "Nintendo"dan ağlasığmaz dərəcədə böyük maliyyə dəstəyi istəyib. Sabiq rəhbər bu tələbə cavab olaraq "Amazon" rəsmisinə bunun qeyri-qanuni olduğunu və belə bir addım ata bilməyəcəyini xatırladıb.
Fils-Eme əməkdaşlığın dayandırılması ilə bağlı qərarı belə şərh edib:
"Biz sözün əsl mənasında 'Amazon'a satış etməyi dayandırdıq, çünki mən qeyri-qanuni heç nə etməyəcəkdim. Digər pərakəndə satıcılarla olan münasibətlərimizi riskə atacaq bir addım ata bilməzdim. Bu, həm də onlara bizi idarə edə bilməyəcəklərini göstərmək üçün bir fürsət idi. Biznesimizi belə qururuq və zamanla hörməti məhz bu cür qazanırsan."
Hazırda hər iki tərəf aralarındakı anlaşılmazlıqları həll edib və istifadəçilər "Switch 2" konsolunu yenidən "Amazon" üzərindən əldə edə bilərlər. Lakin xatırladaq ki, uzun illər ərzində "Nintendo" məhsulları bu platformada demək olar ki, əlçatmaz olaraq qalmışdı.






