Ağıllı ev bazarı niyə darıxdırıcı olur?
"Govee" və "Philips Hue" kimi rəqiblərindən fərqli olaraq, son iki ildə "Nanoleaf" nisbətən səssiz qalıb. Şirkətin baş direktoru və həmtəsisçisi Gimmy Chu bunun səbəbini markanın sağlamlıq, robototexnika və süni intellekt sahələrinə yönəlməsi ilə izah edir. O,
"Ağıllı ev artıq bir qədər darıxdırıcı olmağa başlayır"deyərək, şirkətin sadəcə işıqlandırma brendi kimi tanınmasını istəmədiyini vurğulayıb. Onun sözlərinə görə, "Matter" kimi açıq standartlar ağıllı işıqlandırmanı adiləşdirir. Məsələn, "Ikea" artıq bütün platformalarla işləyən rəngli ağıllı lampaları təxminən 10 ABŞ dolları qiymətinə satır.
Süni intellekt və robototexnika planları
Gimmy Chu generativ süni intellekti növbəti innovasiya dalğası hesab edir. "Nanoleaf" üçün bu, texnologiyanın real dünya ilə qarşılıqlı əlaqədə ola biləcəyi təcəssüm olunmuş süni intellekt deməkdir. Baş direktor qeyd edir ki, məqsəd sadəcə dinamiklərə "ChatGPT" əlavə etmək deyil, avadanlıqlara faydalı intellekt qazandırmaqdır. Şirkət bu il süni intellektlə işləyən ən azı üç yeni məhsul – oyuncaq, masaüstü köməkçi və robotlaşdırılmış mikrokontroller təqdim etməyi planlaşdırır. Bu məhsullardan birinin erkən uşaq inkişafı ilə bağlı olacağı bildirilir.
Qırmızı işıq terapiyası və sağlamlıq qadcetləri
Şirkətin digər əsas hədəfi sağlamlıq məhsullarıdır. 2025-ci ildə "Nanoleaf" tərəfindən təqdim edilən qırmızı işıq terapiyası maskası qısa müddətdə ən çox satılan məhsullardan birinə çevrilib. Bu uğurdan sonra şirkət panel və çubuq formatında yeni cihazlar da istehsal edib. Bu il isə üz və bədən üçün nəzərdə tutulan, isitmə və masaj funksiyalarına malik daha dörd yeni terapiya cihazı buraxılacaq. Şirkət LED işıqlandırma sahəsindəki təcrübəsindən istifadə edərək bu məhsulları ABŞ bazarındakı analoqlarından daha münasib qiymətə təklif etməyi hədəfləyir.
Ağıllı işıqlandırma istehsalı dayanacaqmı?
Yeni sahələrə keçidə baxmayaraq, ağıllı işıqlandırma hələ də "Nanoleaf" biznesinin 80-90 faizini təşkil edir. Şirkət payızda Berlində keçiriləcək "IFA" texnologiya sərgisində bir neçə yeni məhsul nümayiş etdirəcək. Gimmy Chu bildirib ki, tezliklə "Matter 1.4" dəstəyi təqdim ediləcək və bu il ərzində "Matter 1.5" standartı ilə işləyən daha bir məhsul buraxılacaq. 2020-ci ildə "Apple" şirkətinin "HomePod Mini" cihazı ilə işləyən ilk "Thread" məhsullarından birini yaradan "Nanoleaf", gələcəkdə öz API-lərini açıq mənbəli etməklə işıqlandırma sistemlərini süni intellektlə daha uyğunlaşdırıla bilən hala gətirmək istəyir.






