Tanınmış aksessuar istehsalçısı "Moft", smartfon altlığı kimi də fəaliyyət göstərən məşhur "MagSafe" cüzdanlarının yeni versiyasını təqdim edib. "Trackable Tripod Wallet" adlanan bu yeni model, əvvəlki versiyanın funksionallığını qorumaqla yanaşı, bir neçə yenilik təklif edir. Qadceti hazırda şirkətin rəsmi onlayn mağazasından 59,99 ABŞ dolları müqabilində əvvəlcədən sifariş etmək mümkündür və çatdırılmaların aprel ayının sonlarında başlaması planlaşdırılır.
Yeni cüzdanın qalınlığı 10 millimetr təşkil edir ki, bu da əvvəlki modeldən cəmi bir millimetr çoxdur. Lakin "Moft" bu kiçik əlavə məkana "Apple" şirkətinin "Find My" şəbəkəsini dəstəkləyən izləyici, cihazın yerini tapmaq üçün 70 desibel gücündə səs siqnalı və simsiz şarj edilə bilən 6 aylıq batareya yerləşdirməyi bacarıb. Bu əlavə funksiyalar əvvəlki modellə müqayisədə qiyməti sadəcə 10 ABŞ dolları artırıb.
Veqan dəridən hazırlanan və iki kredit kartı tutumuna malik olan cüzdanın qatlanan ştativ ayaqları tənzimlənən menteşə ilə təchiz edilib. Bu dizayn smartfonu müxtəlif bucaqlar altında sabit saxlamağa imkan verir. Qadcetə inteqrasiya olunmuş uzaqdan idarəetmə düyməsi "Bluetooth" vasitəsilə telefona qoşulur və cüzdan cihaza birləşdirilmədikdə belə şəkil çəkmək üçün istifadə edilə bilər. İzləmə imkanları yalnız "Apple" şəbəkəsi ilə məhdudlaşsa da, digər funksiyalar arxa panelində maqnitli "Qi2" dəstəyi olan istənilən telefonla uyğun gəlir.






