"Xbox" rəhbərliyi mobil cihazlarda "Copilot" xidmətinin fəaliyyətini məhdudlaşdırır və konsollarda bu süni intellektin inkişafını tamamilə dayandırır. Bu barədə çərşənbə axşamı şirkətin yeni baş direktoru Aşa Şarma məlumat verib. Qərar platforma komandasının yenidən təşkilindən dərhal sonra açıqlanıb. Qeyd edək ki, bu dəyişikliklər çərçivəsində "Microsoft" şirkətinin "CoreAI" komandasının rəhbər şəxsləri də oyun bölməsinə cəlb edilib.
Aşa Şarma bildirib ki, şirkət daha sürətli hərəkət etməli və istifadəçi icması ilə əlaqələri dərinləşdirməlidir. Həmçinin oyunçular və tərtibatçılar üçün mövcud maneələrin aradan qaldırılması əsas prioritetlərdəndir. O, yeni strategiyanı belə izah edib:
"Biznesimizi yenidən düzgün yola qaytarmaq üçün bu balans çox vacibdir. Bu dəyişikliyin bir hissəsi olaraq, gələcək hədəflərimizlə üst-üstə düşməyən funksiyaları ləğv etməyə başlayacağıq."
Xatırladaq ki, Aşa Şarma bu ilin fevral ayında Fil Spenserin yerinə keçərək baş direktor vəzifəsinə təyin olunub. Yeni rəhbər vəzifəyə gəldikdən sonra bir sıra ciddi islahatlar həyata keçirib. O cümlədən, "Microsoft Gaming" brendinin ləğv edilməsi və "Xbox Game Pass" abunəliyinin qiymətinin ucuzlaşdırılması kimi mühüm dəyişikliklərə imza atıb.
Ötən il "Microsoft" oyunlar üçün nəzərdə tutulmuş "Copilot" barədə böyük vədlər vermişdi. Hətta mart ayında bu süni intellekt köməkçisinin cari il ərzində ən yeni nəsil konsollara inteqrasiya ediləcəyi bildirilmişdi. Lakin rəhbərliyin son qərarları ilə bu planlar rəsmən ləğv edilib.






