"Copilot" üçün təcili yenilənmə planı
"Microsoft" şirkətinin investorları "Copilot" süni intellekt köməkçisinin gözlənilən qədər böyük uğur qazanmamasından məyus olublar. Buna baxmayaraq, şirkət "365 Commercial Cloud" xidməti ilə SaaS seqmentində liderliyini qoruyur. Yaranmış vəziyyətlə əlaqədar olaraq, baş direktor Satya Nadella resursların təcili səfərbərliyini elan edərək, əsas diqqəti "Copilot" xidmətinin yenilənməsinə yönəldib. Məqsəd xidmətin məhsuldarlığını artırmaq və istifadəsini daha rahat etməkdir.
Yenilənmə çərçivəsində şirkət 1 may tarixində təkmilləşdirilmiş "E7" paketini təqdim edəcək və il ərzində yeni funksiyaların tətbiqini davam etdirəcək. Məhsul artıq ilk müsbət rəylərini alıb. "Anthropic" tərəfindən yarana biləcək rəqabət riskinə baxmayaraq, istifadəçilərin "Copilot" xidmətinə münasibətinin müsbətə doğru dəyişəcəyi gözlənilir.
"Azure" bulud xidməti və daxili rəqabət riskləri
Şirkətin "Azure" bulud bölməsinin uğurlu fəaliyyəti müsbət amil kimi çıxış edir. Ötən rübdə "Microsoft" bulud resurslarının 30 %-ni "Copilot" və öz süni intellekt modellərinin inkişafı kimi daxili layihələrə ayırıb. Bu addım investorlarda şirkətin "OpenAI" kimi öz tərəfdaşları ilə rəqabətə girəcəyi ilə bağlı narahatlıqlar yaradıb.
"Benzinga" nəşrinin məlumatına görə, "BNP Paribas" analitiki Stefan Slovinski (Stefan Slowinski) hesab edir ki, şirkət daxili ehtiyaclar üçün resursların hətta 50 %-ni ayırsa belə, "Azure" bölməsinin maliyyə nəticələri gözləntiləri aşa bilər. Bu uğur süni intellektə olan yüksək tələbat və bahalı hesablama gücləri sayəsində təmin ediləcək.
Səhmlərin gələcək perspektivləri
"Microsoft" neo-bulud həlləri üzrə tərəfdaşlarının imkanlarından istifadə edərək kapital xərclərini, sərbəst pul axınını və böyümə göstəricilərini optimallaşdıra bilər. Hazırda şirkətin gəlirlərində sərbəst vəsaitlərin payı 20 % təşkil edir. Analitiklərin fikrincə, bu yüksək göstərici "Copilot" xidmətinin inkişafı və "Azure" bölməsinin müsbət nəticələri ilə birləşərək şirkətin səhmlərini yenidən artım tendensiyasına qaytarmağa qadirdir.






