Süni intellekt modellərinə kor-koranə inanmamaq barədə xəbərdarlıqları təkcə skeptiklər deyil, həm də texnologiya nəhənglərinin özləri edir. RADIX.AZ xəbər verir ki, Microsoft şirkətinin "Copilot" xidməti üçün müəyyən etdiyi istifadə şərtlərində diqqətçəkən məqamlar aşkarlanıb.
Şirkətin 24 oktyabr 2025-ci il tarixində yenilənmiş istifadə qaydalarına əsasən, "Copilot yalnız əyləncə məqsədləri üçündür" ifadəsi yer alıb. Xəbərdarlıqda bildirilir ki, proqram səhv edə bilər və nəzərdə tutulduğu kimi işləməyə bilər. İstifadəçilərə vacib məsləhətlər üçün bu alətə etibar etməmək və ondan "riski öz üzərinə götürməklə" istifadə etmək tövsiyə olunur.
Microsoft-un rəsmi reaksiyası
Məsələ ilə bağlı Microsoft nümayəndəsi "PCMag" nəşrinə açıqlamasında bu ifadələri "köhnəlmiş dil" kimi xarakterizə edib. Bildirilib ki, məhsul inkişaf etdikcə bu cür ifadələr Copilot-un hazırkı istifadə formatını əks etdirmir və növbəti yenilənmədə dəyişdiriləcək.
Qeyd edək ki, bənzər xəbərdarlıqlara digər süni intellekt şirkətlərində də rast gəlinir. Məsələn, həm OpenAI, həm də xAI şirkətləri istifadəçilərə süni intellektin təqdim etdiyi məlumatların mütləq həqiqət və ya yeganə fakt mənbəyi kimi qəbul edilməməsi barədə xəbərdarlıq edirlər.


