"Microsoft" şirkəti özünün süni intellekt əsaslı çatbotu olan "Copilot"-un səs rejimində istifadə edilən "Mico" adlı obrazı geri çəkir. Keçən ilin oktyabrında istifadəyə verilən bu sarı rəngli animasiya obrazı istifadəçilərin dediklərinə real vaxt rejimində üz ifadələri və hərəkətlərlə reaksiya verirdi. Şirkətin rəsmi dəstək səhifəsində qeyd olunur ki, "Mico" artıq "Learn Live" platformasına köçürüləcək.
"Microsoft AI"-ın icraçı direktoru Mustafa Süleyman tərəfindən çatbota şəxsiyyət qazandırmaq məqsədilə təqdim edilən bu obraz, şirkətin tarixinə qovuşan virtual köməkçilər siyahısına daxil olub. Bundan əvvəl "Clippy", "Cortana" və "Rover" kimi layihələr də oxşar aqibətlə üzləşmişdi. "Microsoft" nümayəndələri bildiriblər ki, "Mico"-nun təqdim etdiyi təcrübə süni intellektlə ünsiyyətin daha səmimi və ifadəli olması üçün gələcək inkişaflarda istifadə olunacaq.
Bu dəyişiklik "Microsoft"-un "Copilot" və "Microsoft 365 Copilot" tətbiqlərini vahid sistemdə birləşdirmək strategiyasının bir hissəsidir. Eyni zamanda, bu qərar şirkətin süni intellekt bölməsində aparılan kadr dəyişiklikləri fonunda baş verir. Hazırda Jacob Andreou "Copilot"-un rəhbəri vəzifəsini icra edir, Mustafa Süleyman isə yeni süni intellekt modellərinin hazırlanmasına fokuslanıb.






