ABŞ-ın "Micron Technology" şirkəti server seqmentinin artan tələbatını qarşılamaq məqsədilə yeni nəsil yaddaş modullarının sınaq nümunələrinin tədarükünə başladığını elan edib. Söhbət 256 GB tutuma malik və DDR5-9200 rejimində fəaliyyət göstərən qabaqcıl RDIMM modullarından gedir. Şirkətin mətbuat açıqlamasına görə, bu yenilik həm sürət, həm də tutum baxımından bazarda yeni standartlar müəyyən edir.
Yeni yaddaş modulları ən son 1-qamma 10-nm sinifli texnoloji proses əsasında hazırlanan DDR5 mikrosxemləri ilə təchiz edilib. Bu qurğular saniyədə 9200 meqatranszaksiya (MT/s) məlumat ötürmə sürətini təmin edir. Bundan əlavə, modullarda qatlararası TSV birləşmələrinə malik üçölçülü 3DS qablaşdırma texnologiyasından istifadə olunub.
Əvvəlki nəsil iki ədəd 128 GB tutumlu modulla müqayisədə, yeni tək modul məlumat ötürmə sürətini 6400 MT/s-dən 9200 MT/s-ə qədər artırır və enerji sərfiyyatını 40 % azaldır. RDIMM modulları əsasən server sistemlərində və işçi stansiyalarda tətbiq olunur. Süni intellekt bumunun server infrastrukturuna tələbatı kəskin artırdığı bir dövrdə bu məhsulun bazara çıxarılması xüsusi əhəmiyyət daşıyır. Tərəfdaşlar və müştərilər tərəfindən təsdiqləndikdən sonra "Micron" kütləvi istehsala başlayacaq.






