"Meta" korporasiyası özünün yeni "Muse" süni intellekt agenti ilə işləyən fərdi cihazların hazırlanması üçün lazım olan kodları ictimaiyyətə açıb. Şirkət istifadəçilərə rəngli "E Ink" ekranlarında xatırlatmalar göstərmək, "HDMI" stikləri vasitəsilə böyük ekranlara qoşulmaq və ya kiçik sensor ekranlı cihazlar yaratmaq kimi müxtəlif layihələr təklif edir.
Şirkətin rəsmi açıqlamasına görə, "Muse" cihazları istifadəçilərin özlərinin quraşdırdığı açıq mənbəli qurğulardır. Həvəskarlar "ESP32" lövhələrini və ya "Raspberry Pi" sistemlərini şirkətin təqdim etdiyi SDK-lar vasitəsilə proqramlaşdıra, həmçinin müxtəlif sensorlar, düymələr və aktuatorlarla əlaqələndirə bilərlər. Bununla belə, "Meta" bu proses zamanı istifadəçiləri ehtiyatlı olmağa və riskləri nəzərə almağa çağırır.
"Muse Home Link" nədir və necə əldə etmək olar?
Texnologiya nəhəngi həmçinin özünün hazırladığı "Muse Home Link" adlı xüsusi cihazı da təqdim edir. Bu cihaz vasitəsilə istifadəçilər süni intellekt agentinin köməyi ilə işıqları yandıra, televizoru idarə edə və ya sənədləri printerə göndərə bilərlər. "Meta Superintelligence Labs"-dan Nat Friedman-ın sözlərinə görə, cəmi 5 min ədəd istehsal olunan bu cihaz üçün artıq gözləmə siyahısına yazılmaq mümkündür.






