"Meta" şirkəti "Threads" platformasında istifadəçilərə suallara cavab almaq üçün "Meta AI" hesabını işarələməyə imkan verən yeni funksiyanı sınaqdan keçirir. "Engadget" nəşrinin məlumatına görə, bu yenilik "X" şəbəkəsindəki "Grok" modelinə bənzəsə də, istifadəçilər yeni süni intellekt hesabını bloklaya bilmədiklərini kəşf ediblər. Profilin menyusunda digər hesablarda olan standart bloklama seçimi mövcud deyil və bu vəziyyət platformada ciddi narazılığa səbəb olub.
Hazırda Argentina, Malayziya, Meksika, Səudiyyə Ərəbistanı və Sinqapurda test edilən bu funksiya vasitəsilə istifadəçilər müxtəlif mövzularda suallar verə bilərlər. Qeyd edək ki, "Meta" "OpenAI" və "Google" kimi rəqiblərinə çatmaq üçün süni intellekt sahəsinə milyardlarla dollar sərmayə qoyub. Şirkət aprel ayında "Muse Spark" adlı yeni süni intellekt modelini təqdim edərək onu öz tətbiqlərinə inteqrasiya edəcəyini bildirmişdi.
Bloklama funksiyasının olmaması "Meta AI" hesabına, əsas "Threads" səhifəsinə və platformanın rəhbəri Konnor Heysə (Connor Hayes) ünvanlanan çoxsaylı qəzəbli şərhlərlə nəticələnib. "Engadget" jurnalisti Karissa Bellin (Karissa Bell) sözlərinə görə, "İstifadəçilər Meta AI-ni bloklaya bilmir" ifadəsi bir milyondan çox paylaşımla trend mövzuya çevrilsə də, sonradan bu trend qəfildən yoxa çıxıb.
Məsələ ilə bağlı "The Verge" nəşrinə danışan "Meta" sözçüsü Kristin Pay (Christine Pai) bildirib ki, istifadəçilər sınaq müddətində öz süni intellekt təcrübələrini idarə edə bilərlər. Şirkət rəsmisinin sözlərinə görə, "Threads" lentində daha az süni intellekt cavabı görmək istəyənlər hesabı səssizə ala, gizlədə və ya hər hansı "Meta AI" paylaşımında "Maraqlı deyil" seçimindən istifadə edə bilərlər.






