Çinin "Lisuan Technology" şirkəti iyun ayında keçiriləcək "618" alış-veriş festivalı zamanı yeni "Lisuan LX 7G100" oyun videokartını bazara çıxaracağını təsdiqləyib. İstehsalçının sözlərinə görə, yeni cihaz artıq yüzdən çox oyunu, o cümlədən məşhur AAA layihələrini və onlayn hitləri dəstəkləyir. Hələlik tam siyahı dərc olunmasa da, dəstəklənən oyunlar arasında "Black Myth: Wukong", "Elden Ring", "Cyberpunk 2077", "Naraka: Bladepoint" və "Red Dead Redemption 2" kimi adlar yer alır.
Şirkətin baş direktoru Süan Yifan (Xuan Yifang) etiraf edib ki, birinci nəsil model "OpenCL" tapşırıqlarında "Nvidia GeForce RTX 4060" videokartından daha sürətli işləyir. Lakin real oyunlarda kadr tezliyi (FPS) və proqram təminatı ilə uyğunluq baxımından əlavə təkmilləşdirmələrə ehtiyac var. İstehsalçı gizlətmir ki, cihazın oyunlardakı performansı testlərdəki (bençmark) qədər yüksək olmayacaq. Bu səbəbdən, ilk modelin buraxılışı "Lisuan" drayverləri üçün bir növ kütləvi sınaq xarakteri daşıyacaq.
Yenilənmiş "Lisuan LX 7G100" videokartı 12 QB GDDR6 yaddaşa malikdir və tək 8 pinli konnektor vasitəsilə 225 Vt enerji sərf edir. Şirkət alıcılar üçün xüsusi məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır və satışlar ilk partiya tam tükənənə qədər davam edəcək. Yeni cihazın qiyməti hələlik açıqlanmayıb, lakin müqayisə edilən "Nvidia GeForce RTX 4060" modeli üç il əvvəl 299 ABŞ dolları qiymətinə satışa çıxarılmışdı.






