Son günlər "Gamers Nexus", "Level1Techs" və müstəqil təhlükəsizlik mütəxəssisləri "LG" televizorlarının istifadəçi məlumatlarını qeydə alaraq ötürməsi ilə bağlı ciddi iddialar irəli sürüblər. Şirkət bu ittihamlara cavab olaraq bildirib ki, mediada yer alan bəzi xəbərlər "LG"-nin "ağıllı" televizorlarının iş prinsipi haqqında yanlış təsəvvürlər yaradıb.
"LG" televizorları səs yazır, yoxsa bu iddialar əsassızdır?
"LG" rəsmi bəyanatında televizorların istifadəçilərin söhbətlərini davamlı olaraq yazmadığını və ya ötürmədiyini vurğulayıb. Şirkətin sözlərinə görə, səsli komandaların aktivləşdirilməsi üçün lazım olan "oyanma sözü" (wake-word) deteksiyası birbaşa cihazın daxilində, yerli olaraq emal edilir. Lakin tənqidçilər, xüsusilə "Gamers Nexus", televizorun süni intellekt köməkçisi sönülü olsa belə, ətrafdakı söhbətlərin geniş qeydlərini apardığını nümayiş etdirib.
Məxfilik parametrləri və məlumatların toplanması
Şirkət həmçinin "Avtomatik Məzmun Tanınması" (ACR), səsli tanıma və maraqlara əsaslanan reklam kimi funksiyaların könüllü olduğunu və standart olaraq aktivləşdirilmədiyini qeyd edib. "LG"-nin açıqlamasına əsasən, ACR texnologiyası yalnız daxili audio prosessordan istifadə edərək məzmunu müəyyən edir və heç bir səs, video və ya ekran görüntüsü toplamır. Buna baxmayaraq, şirkət məlumatların kimlərlə paylaşılması və təhlükəsizlik boşluqlarının istismarı kimi daha geniş narahatlıqlara dair konkret cavab verməyib.






