"Gamers Nexus" YouTube kanalının apardığı yeni araşdırma "LG" smart televizorlarının istifadəçilərin evlərindəki fəaliyyətini davamlı olaraq izlədiyini ortaya çıxarıb. Məlumata görə, cihazlar Wi-Fi şəbəkələrini skan edərək yaxınlıqdakı smartfon və ağıllı saatlar kimi qurğuları müəyyən edir, həmçinin yerləşmə məlumatlarını və şəbəkə detallarını qeydə alır. Bu məlumatlar daha sonra "LG Ad Solutions" platformasına ötürülür.
Araşdırmanın ən narahatedici məqamı televizorların gözləmə rejimində belə mikrofon vasitəsilə səs yazmasıdır. Hətta cihaz internetdən ayrıldıqda belə səs faylları daxili yaddaşda saxlanılır və şəbəkə bağlantısı bərpa edildikdən dərhal sonra şirkət serverlərinə göndərilir. "Level1Techs" və müstəqil təhlükəsizlik mütəxəssisləri ilə birgə aparılan testlər "LG OLED" modellərinin bu cür məxfilik pozuntularına yol verdiyini təsdiqləyib.
Avtomatik Məzmun Tanıma (ACR) texnologiyası necə işləyir?
Televizorlarda istifadə olunan ACR (Automatic Content Recognition) texnologiyası istifadəçinin nəyə baxdığını müəyyən etmək üçün audio və video nümunələrindən istifadə edir. Bu sistem təkcə daxili tətbiqləri deyil, həm də HDMI portları vasitəsilə qoşulan xarici cihazlardakı məzmunu da analiz edir. Qeyd etmək lazımdır ki, bu problem təkcə "LG" ilə məhdudlaşmır; RTINGS tərəfindən hazırlanan digər bir araşdırma, demək olar ki, bütün smart TV istehsalçılarının oxşar metodlardan istifadə etdiyini göstərir.
Bu, "LG" şirkətinin məxfiliklə bağlı ilk qalmaqalı deyil. İyul ayında "Gamers Nexus" bəzi LG monitorlarının istifadəçidən xəbərsiz məlumat toplayan və reklam göstərən proqramlar quraşdırdığını aşkarlamışdı. Həmin hadisə ictimai qınaq və Microsoft-un müdaxiləsindən sonra reklamların ləğvi ilə nəticələnmişdi.






