“LG” şirkəti istehsal etdiyi cihazlarla bağlı ciddi məxfilik problemləri ilə üzləşib. Yeni smart televizorların istifadə şərtlərinə əsasən, şirkət süni intellekt funksiyalarını təkmilləşdirmək adı altında istifadəçilərin səsli söhbətlərini qeydə ala və təhlil edə bilər. Bu proses zamanı ətrafdakı insanların xəbərdar edilməsi məsuliyyəti birbaşa televizor sahibinin üzərinə düşür.
Hansı məlumatlar toplanır?
Şirkətin yeni qaydalarını qəbul edən istifadəçilər, “LG”-nin cihazdan istifadə vərdişlərini izləməsinə və bu məlumatları üçüncü tərəflərlə paylaşmasına razılıq vermiş olurlar. Əgər istifadəçi bu şərtlərlə razılaşmasa, səsli idarəetmə və mikrofonla bağlı bütün funksiyaları deaktiv etməlidir. Köhnə smart televizor sahibləri “webOS” yeniləmələrindən imtina edərək bu şərtlərdən qaça bilərlər, lakin bu halda cihaz təhlükəsizlik yeniləmələrini almayacaq.
Monitorlarda icazəsiz proqram quraşdırılması
“Gamers Nexus” nəşrinin məlumatına görə, “LG UltraGear” və “LG UltraFine” monitorları da oxşar problemlərlə gündəmə gəlib. Bu cihazlar “Windows” əməliyyat sistemli kompüterlərə qoşulduqda, istifadəçidən icazə almadan avtomatik olaraq “LG Monitor App Installer” və “McAfee Scam Detector” tətbiqlərini quraşdırır. Bu vəziyyət təkcə yeni modellərə deyil, həm də proqram təminatı yenilənmiş köhnə modellərə şamil olunur.
“LG Monitor App Installer” proqramı kompüterin sistem resurslarına tam çıxış əldə edir. O, istifadəçinin yerləşdiyi məkan, avadanlıq konfiqurasiyası, şəbəkə aktivliyi, hesab məlumatları və əlaqə vasitələri daxil olmaqla geniş spektrdə məlumat toplayır.






