"Gamers Nexus" tərəfindən aparılan araşdırmalar göstərir ki, yeni "LG UltraGear" monitorunu "Windows 11" ilə işləyən kompüterə qoşduqdan sonra sistem heç bir bildiriş göndərmədən "LG Monitor App Installer" proqramını quraşdırır. Bu proses Microsoft-un aparat dəstəyi üçün nəzərdə tutduğu avtomatik quraşdırma funksiyası vasitəsilə həyata keçirilir. Nəticədə, istifadəçilərin ekranında tez-tez "McAfee" antivirusu və digər "LG" tətbiqləri üçün narahatedici reklam pəncərələri peyda olur.
Bu problem necə yaranır?
Microsoft-un qaydalarına görə, istehsalçılar cihazın metadata məlumatlarına əsaslanan proqramları avtomatik quraşdıra bilirlər. Lakin bu funksiya istifadəçiyə heç bir bildiriş vermədiyi üçün ciddi narazılıq yaradır. "Gamers Nexus" tərəfindən aparılan testlərdə reklam pəncərələrinin 32 açılışın 31-də ekrana gəldiyi müşahidə olunub. Benzer hal daha əvvəl "Dell"-in "Alienware" monitorlarında da qeydə alınıb, lakin "LG"-nin reklam spamı istifadəçilər üçün yeni bir problemə çevrilib.
İstifadəçilər bu reklamları necə bloklaya bilər?
Proqramın avtomatik quraşdırılmasını dayandırmaq üçün "Windows"-un "Pro" versiyasında qrup siyasəti (group policy) tənzimləmələrindən istifadə etmək mümkündür. "Home" versiyasında isə "Advanced system settings" bölməsinə daxil olaraq istehsalçıların xüsusi tətbiqlərinin avtomatik yüklənməsini qadağan edən seçimi deaktiv etmək olar. Qeyd edək ki, "LG"-nin bu proqramı sistem resurslarına tam çıxış tələb edir və istifadəçilərin internet aktivliyi ilə yanaşı, coğrafi məlumatlarını da toplayır.






