"Greenworks Tools" şirkəti bağ işlərində istifadə olunan "Kobalt" markalı elektrik alətlərinin batareyaları üçün genişmiqyaslı geri çağırma qərarı verib. ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası (USCPSC) tərəfindən verilən məlumata görə, təxminən 554 780 ədəd batareya ciddi yanğın təhlükəsi yaradır. İndiyədək batareyaların tüstülənməsi, qığılcımlanması və ya alovlanması ilə bağlı 34 hal qeydə alınıb.
Geri çağırılan məhsullar sırasına "Kobalt" brendinə məxsus müxtəlif növ trimmerlər, yarpaq üfürənlər, mişarlar və qazonbiçənlər daxildir. Bu cihazlar 24V və ya 48V gücündə olan, daxili "USB-C" enerji doldurma portuna malik litium-ion batareyalarla təchiz edilib. Sözügedən avadanlıqlar "Lowe’s" mağazalarında və onlayn platformalarda 2026-cı ilin yanvarından may ayınadək 20 ilə 482 ABŞ dolları arasında dəyişən qiymətlərlə satılıb.
Təhlükəsizlik üçün nə etməli?
Təhlükə yalnız batareyalar alətin içərisində olarkən və "USB-C" portu vasitəsilə enerji yığarkən yaranır. İndiyədək hər hansı xəsarət və ya əmlak ziyanı barədə məlumat daxil olmasa da, istehsalçı istifadəçilərin ehtiyatlı olmasını tələb edir. İstehlakçılar "Greenworks Tools"-un rəsmi saytındakı qeydiyyat forması vasitəsilə müraciət edərək pulsuz əvəzedici batareya əldə edə bilərlər.
Yeni təqdim edilən batareyalar "USB-C" portu əvəzinə xüsusi enerji doldurma adapteri ilə təchiz olunub. Dəstə həmçinin yenilənmiş istifadəçi təlimatı, xəbərdarlıq stikeri və köhnə batareyanın geri qaytarılması üçün ödənişli çatdırılma etiketi daxildir. İstehlakçılar öz modellərinin siyahıya düşüb-düşmədiyini USCPSC və ya "Greenworks"-un rəsmi internet səhifələrindən yoxlaya bilərlər.






