"Nvidia" şirkətinin rəhbəri Jensen Huang "The Ezra Klein Show" verilişində süni intellektin enerji gələcəyi və planetimizə təsirləri barədə maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə effektiv olması üçün əvvəlcə müəyyən bir "əzab və əziyyət" dövründən keçmək lazımdır. Huang bu yanaşmanı cərrahiyyə əməliyyatı ilə müqayisə edərək, xəstəni xilas etmək üçün əvvəlcə onu kəsib ağrı verməyin zəruri olduğunu vurğulayıb.
Süni intellekt və qalıq yanacaq dilemması
Huang etiraf edir ki, yaxın illərdə süni intellektin inkişafı üçün kifayət qədər bərpa olunan enerji mənbələri olmadığı üçün qalıq yanacaqlardan istifadə davam edəcək. O, ABŞ-da enerji infrastrukturunun, xüsusilə də elektrik stansiyalarının tikintisindəki ləngimələri tənqid edib. Lakin tənqidçilər hesab edirlər ki, 192,6 milyard ABŞ dolları sərvəti olan bir şəxsin bu cür bəyanatlar verməsi, texnologiya nəhənglərinin ətraf mühitə vurduğu zərərlərlə bağlı məsuliyyətdən yayınması kimi qiymətləndirilir.
İqlim dəyişikliyi və məlumat mərkəzlərinin rolu
Süni intellektin enerji tələbatı artdıqca, məlumat mərkəzlərinin yaratdığı karbon emissiyaları ciddi narahatlıq doğurur. Araşdırmalar göstərir ki, süni intellektlə bağlı çirklənmə 2028-ci ilə qədər 1300-ə yaxın vaxtından əvvəl ölümə və 20 milyard ABŞ dollarından çox ictimai səhiyyə xərclərinə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, daha çirkli bir süni intellekt infrastrukturunun qurulması qaçılmaz deyil və bu, hökumətlərin verəcəyi qərarlardan asılıdır.






