"Apple" şirkətinin uzun müddətdir gözlənilən ilk qatlana bilən smartfonu olan "iPhone Ultra"-nın texniki xidmət xərcləri ilə bağlı ilkin proqnozlar açıqlanıb. iCorrect.co.uk mütəxəssislərinin hesablamalarına görə, cihazın daxili elastik ekranının dəyişdirilməsi istifadəçilərə 1155 ABŞ dolları məbləğində başa gələcək. Bu göstərici sözügedən smartfonu təmir baxımından bazardakı ən bahalı modellərdən birinə çevirir.
Nə üçün təmir bu qədər bahadır?
Ekspertlər bu yüksək qiyməti bir neçə amillə əsaslandırırlar. Birincisi, ekran komponentlərinin "Samsung Display" tərəfindən tədarük edilməsi və "Apple"-ın özünəməxsus qiymət siyasəti xərcləri artırır. Müqayisə üçün qeyd edək ki, "Samsung Galaxy Z Fold 8" modelinin ekran təmiri təxminən 803 ABŞ dolları təşkil edir.
Bundan əlavə, "iPhone Ultra"-nın xüsusi 3D printerlə istehsal olunan menteşə mexanizmi və yeni texnologiya olması təmir prosesini çətinləşdirir. Həmçinin, yan paneldə yerləşəcək "Touch ID" düyməsinin də tez-tez istifadə olunması səbəbindən sıradan çıxma ehtimalı və bununla bağlı təmir çətinliyi əlavə xərc yaradır. "Apple Care" sığorta sisteminin də yeni model üçün təxminən 135 ABŞ dollarına qədər bahalaşacağı və şərtlərin dəyişəcəyi gözlənilir.






