"Apple" şirkəti tərəfindən yeni təqdim edilən qatlana bilən "iPhone Duo" smartfonunun təmir xərcləri ilə bağlı rəsmi məlumatlar açıqlanıb. "AppleCare Plus" sığorta paketinə sahib olmayan istifadəçilər üçün təmir qiymətləri olduqca yüksək müəyyən edilib. Xüsusilə, cihazın daxili ekranının zədələnməsi 999 ABŞ dolları, digər ciddi zədələnmələr isə 1499 ABŞ dolları məbləğində qiymətləndirilir.
Hansı təmir xidmətləri nə qədər başa gəlir?
Şirkətin təqdim etdiyi siyahıya görə, batareya xidməti 229 ABŞ dolları, arxa şüşənin təmiri 199 ABŞ dolları, arxa kamera təmiri isə 229 ABŞ dolları təşkil edir. Xarici ekranın təmiri 379 ABŞ dolları, həm xarici ekran, həm də arxa şüşənin birgə təmiri isə 509 ABŞ dolları dəyərindədir. Ən aşağı təmir xərci isə örtük qatının zədələnməsi üçün 49 ABŞ dolları olaraq müəyyən edilib.
"AppleCare Plus" sığortası nə qədər qənaət edir?
"AppleCare Plus" abunəliyi olan istifadəçilər üçün bu xərclər əhəmiyyətli dərəcədə azalır. Belə ki, batareya xidməti pulsuz, daxili ekranın təmiri 99 ABŞ dolları, digər təsadüfi zədələnmələr isə yenə 99 ABŞ dolları təşkil edir. Qeyd edək ki, "AppleCare Plus with Theft and Loss" xidmətinin aylıq ödənişi 19,99 ABŞ dolları, illik isə 199,99 ABŞ dolları təşkil edir.
Xatırladaq ki, satış qiyməti 1999 ABŞ dollarından başlayan "iPhone Duo" üçün ilkin sifarişlər cümə günü saat 08:00-da (ET) başlayır. Cihazın rəsmi satış tarixi isə 23 oktyabr olaraq təyin edilib.






