"Apple" şirkəti tərəfindən təqdim olunan yeni "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modelləri dizayn baxımından əvvəlki "iPhone 17 Pro" seriyasına bənzəsə də, bir sıra texniki yenilikləri özündə birləşdirir. Cihazlar alüminium korpusla təchiz edilib və dörd rəng çeşidində – qara, gümüşü, "glacier" (mavi) və tünd qırmızı rənglərdə satışa çıxarılacaq. Arxa şüşə panellər artıq korpusla daha ahəngdar şəkildə inteqrasiya olunub.
Kamera və funksionallıqda hansı yeniliklər var?
Yeni modellərin ən diqqətçəkən özəlliyi əsas kamerada istifadə olunan dəyişən diafraqmalı lensdir. İstifadəçilər diafraqmanı avtomatik tənzimləyə və ya dörd fərqli göstəricidən birini (f/1.48, f/1.8, f/2.8 və f/4.0) seçə bilərlər. Bundan əlavə, "Apple" rəsmi kamera tətbiqinə yeni peşəkar idarəetmə funksiyaları əlavə edib.
Təkmilləşdirilmiş "Dynamic Island" sahəsi isə indi daha kiçik ölçülərə malikdir və eyni vaxtda üç "Live Activities" bildirişini izləməyə imkan verir. Cihazların ilkin sifarişi sentyabrın 12-də başlayacaq, rəsmi satışlar isə sentyabrın 18-də start götürəcək. "iPhone 18 Pro"-nun qiyməti 1199 ABŞ dollarından, "iPhone 18 Pro Max"-ın qiyməti isə 1299 ABŞ dollarından başlayır.






