Çərşənbə günü keçirilən tədbirdə Apple özünün yeni flaqman smartfonları olan “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərini elan etdi. Cihazlar tünd qara, gümüşü, “buzlaq” və burqund rənglərində təqdim olunub. Yeni modellər “Apple Intelligence” və “Siri AI” funksiyaları ilə tam inteqrasiya olunmuş şəkildə işləmək üçün optimallaşdırılıb.
“A20 Pro” çipi və performans göstəriciləri
Yeni “A20 Pro” prosessoru 2nm texnologiyası əsasında hazırlanıb və 6 nüvəli CPU arxitekturasına malikdir. Silisium mühəndisliyi üzrə vitse-prezident Sribalan Santhanam-ın sözlərinə görə, 7 nüvəli GPU dizaynı sayəsində qrafik performans 40 faiz artıb. Cihazın hərarətini idarə etmək üçün “iPhone 17 Pro” ilə müqayisədə üç dəfə böyük səth sahəsinə malik yeni nəsil buxar kamerası tətbiq edilib.
Kamera texnologiyasında yeniliklər
Smartfonlar 48 meqapiksellik dinamik diafraqmaya malik əsas kamera ilə təchiz edilib. Bu sistem insan saçından daha nazik 6 bıçaqdan ibarətdir və zəif işıqlı mühitlərdə daha keyfiyyətli kadrlar çəkməyə imkan verir. İstifadəçilər üçün həmçinin çəkiliş zamanı pərdə sürəti kimi parametrləri tənzimləməyə imkan verən “pro” idarəetmə paneli və Google-un “SynthID” protokolu dəstəyi əlavə edilib.
Batareya və digər funksiyalar
Hardware mühəndisliyi üzrə vitse-prezident Rich Dinh-in məlumatına görə, “iPhone 18 Pro” 36 saat, “iPhone 18 Pro Max” isə 45 saat video oynatma müddəti təklif edir. 15 dəqiqəlik simli enerji yığma ilə 6 saatlıq video izləmək mümkündür. Qeyd edək ki, bu tədbir Con Ternus-un Apple-ın baş direktoru qismində çıxış etdiyi ilk təqdimat olub.






