"Intel" şirkəti qlobal bazarda "DDR5" operativ yaddaş qıtlığı şəraitində "LGA 1700" platformasının əlçatanlığını təmin etmək üçün mühüm qərar qəbul edib. Şirkət 14-cü nəsil "Core" ("Raptor Lake Refresh") prosessorlarının və 700-cü seriya ana plata çipsetlərinin istehsalını dayandırmayacaq. Bu barədə "Intel"in müştəri seqmenti üzrə texniki marketinq vitse-prezidenti Robert Hallock məlumat verib. Onun sözlərinə görə, qeyd olunan çiplər şirkətin strategiyasının vacib hissəsi olaraq qalır və bazarda bol miqdarda tapılacaq.
"DDR4" və "DDR5" dəstəkli ana platalar niyə artır?
Şirkət rəsmisi həmçinin ana plata istehsalçılarını həm "DDR4", həm də "DDR5" yuvalarına malik yeni modellər hazırlamağa təşviq edə biləcəklərini vurğulayıb. Bu yanaşma alıcılara əvvəlcə daha uyğun qiymətli "DDR4" yaddaşı seçmək, gələcəkdə isə "DDR5" standartına keçmək imkanı verəcək. Artıq "ASRock" və "Onda" kimi şirkətlər hər iki yaddaş növünü dəstəkləyən ilk ana platalarını təqdim ediblər. 2026-cı ildə bu cür məhsulların sayının əhəmiyyətli dərəcədə artacağı istisna edilmir.
"Raptor Lake bizim strategiyamızın mühüm bir hissəsidir. Digər istehsalçıların bir neçə yeni nəsil avadanlıq təqdim etməsinə baxmayaraq, bu prosessorlar hələ də çox güclüdür və heç yerə getmir. İnsanların bu çiplərin geniş şəkildə əlçatan olacağını bilməsini istəyirəm. Bu cür həllər iki fərqli dünya arasında bir növ körpü rolunu oynayır", – deyə Robert Hallock bildirib.
"Intel" köhnə prosessorları niyə bazarda saxlayır?
"Intel"in 14-cü nəsil prosessorları bazarda saxlamaq qərarı iki əsas məqsədə xidmət edir. Birincisi, "Raptor Lake-S" prosessorları "Intel 7" texnoloji prosesi əsasında yaradılmış monolit çiplərdir. Ən yeni "Arrow Lake-S" prosessorlarının hesablama və qrafika blokları əsasən "TSMC" şirkətinin 3 nm, 5 nm və 6 nm texnologiyaları ilə istehsal edilir. Buna görə də köhnə nəslin saxlanması "Intel"ə öz istehsal xətlərinin aktuallığını qorumağa kömək edir.
İkinci və ən vacib səbəb isə "Alder Lake" kimi bu platformanın da iki fərqli yaddaş növünü dəstəkləməsidir. Hazırda "DDR5" yaddaşlarında müşahidə olunan kəskin qıtlıq və qiymət böhranı geymerləri kütləvi şəkildə "DDR4" istifadə etməyə məcbur edir. Hətta köhnə yaddaş standartı ilə belə, "Raptor Lake-S" çipləri "AM4" platforması üçün nəzərdə tutulmuş istənilən "AMD" prosessorunu üstələyən yüksək oyun performansı nümayiş etdirir. Bu amillər köhnə nəsil prosessorların hələ uzun müddət aktual qalacağını göstərir.






