"Intel" şirkətinin rəhbəri Lip-Bu Tan, server və məlumat mərkəzləri üçün nəzərdə tutulan prosessor yol xəritəsində mühüm dəyişiklikləri açıqlayıb. Şirkət "Core Ultra 200" və qarşıdan gələn "Diamond Rapids" seriyalarında imtina etdiyi "Hyper-Threading" texnologiyasını 2028-ci ildə təqdim ediləcək "Coral Rapids" çipləri ilə yenidən istifadəyə verəcək. Bu addım şirkətin "AMD" və "Arm" arxitekturalı prosessorlarla rəqabətdə mövqeyini gücləndirmək məqsədi daşıyır.
Nə üçün "Hyper-Threading" vacibdir?
"Hyper-Threading" və ya "Simultaneous Multithreading" (SMT) texnologiyası bir fiziki nüvənin iki ayrı proqram axınını eyni vaxtda emal etməsinə imkan verir. Server yükləmələrində bu texnologiya performansın 30%-ə qədər artmasına səbəb ola bilər. Lip-Bu Tan qeyd edib ki, həm tək nüvəli, həm də çoxnüvəli hesablamaların optimallaşdırılması "Intel" üçün strateji əhəmiyyət kəsb edir.
"Coral Rapids" haqqında nə məlumdur?
Hazırda "Coral Rapids" prosessorları haqqında məlumatlar məhduddur, lakin onların 8-kanallı yaddaş dəstəyi ilə bazara çıxarılacağı planlaşdırılır. Texnoloji prosesin "Intel 14A" və ya təkmilləşdirilmiş "18A-P" olması ehtimal edilir. "Intel" bu texnologiyanı istehlakçı seqmentindəki prosessorlardan çıxarsa da, server seqmentindəki yüksək məhsuldarlıq tələbləri onun geri qayıtmasını zəruri edib.






