İlon Mask "OpenAI" şirkətinə qarşı davam edən məhkəmə prosesində startapın qurucuları tərəfindən aldadıldığını bildirib. Milyarder qeyri-kommersiya təşkilatı olaraq qalacağına inanaraq şirkətə 38 milyon ABŞ dolları məbləğində pulsuz maliyyə ayırdığı üçün özünü "axmaq" adlandırıb. Onun sözlərinə görə, "OpenAI" rəhbərliyi onu qəsdən yanıldaraq, sonradan dünyanın ən bahalı kommersiya startaplarından birinə çevrilən layihənin qurulmasına cəlb edib.
"Financial Times" nəşrinin məlumatına görə, Maskın vəkilləri məhkəməyə 2017-ci ildə milyarder, "OpenAI" rəhbəri Sem Altman və startapın prezidenti Qreq Brokman arasında olan yazışmaları təqdim ediblər. Həmin dövrdə rəhbərlik Maskın yarıdan çox paya sahib olacağı kommersiya strukturunun yaradılmasını təklif etsə də, o, bundan imtina edib. 2017-ci ilin sentyabrında Mask onlara ultimatum verərək ya özlərinin nəsə etməsini, ya da "OpenAI" üçün qeyri-kommersiya statusunun saxlanılmasını tələb edib.
İlon Mask 2018-ci ildə "OpenAI" direktorlar şurasını tərk etdikdən bir il sonra startap "Microsoft" ilə 1 milyard ABŞ dolları dəyərində investisiya müqaviləsi imzalayıb. 2022-ci ilin sonlarında şirkətin dəyəri 20 milyard ABŞ dolları həddinə çatdıqda Mask bu vəziyyətdən narahatlığını Sem Altmana bildirib. Altman isə milyardlarla dollar olmadan rəqabət aparmağın qeyri-mümkün olduğunu əsas gətirərək bu investisiyaları müdafiə edib.
Məhkəmədə Mask "Microsoft" şirkətini "OpenAI" startapının xeyriyyə missiyasına zərər vuraraq mənfəət gətirən təşəbbüslərə üstünlük verməsinə kömək etməkdə günahlandırıb. O, həmçinin insan zəkasına bərabər və ya ondan üstün olan güclü süni intellekt (AGI) yaradılacağı təqdirdə kommersiya strukturunun ləğvini nəzərdə tutan, lakin sonradan tərəfdaşlar tərəfindən ləğv edilən bəndə diqqət çəkib. Çıxışının sonunda Mask məhkəməyə ritorik sualla müraciət edib:
"Microsoft-a bütün hörmətimlə, siz Microsoft-un rəqəmsal superzəkanı idarə etməsini istəyirsiniz?"






