"Huawei" şirkəti rəsmi pərakəndə satış mağazalarında qatlana bilən "Mate XT Tri-Fold" və "Mate X6 Collector’s Edition" smartfonlarının bərpa edilmiş versiyalarını müştərilərə təqdim edib. Məlumata görə, texnologiya nəhəngi orijinal "Mate XT" modelinin istehsalını artıq dayandırıb. Bu səbəbdən, sözügedən cihazın yalnız bərpa edilmiş versiyaları satışda qalacaq. Lakin "Mate X6 Collector’s Edition" modelinin istehsalı əvvəlki qaydada davam etdirilir.
Bərpa edilmiş modellər orijinal cihazlardan daha ucuz olduğu üçün məhdud büdcəli alıcılara qatlana bilən smartfon əldə etmək imkanı yaradır. Belə ki, yeni "Mate XT" cihazının qiyməti 19 999 Çin yuanı səviyyəsindən başladığı halda, bərpa edilmiş versiya 15 299 Çin yuanı dəyərində təklif olunur. Smartfonun 16 GB operativ (RAM) və 1 TB daxili yaddaşa malik ən üst konfiqurasiyası isə orijinaldakı 23 999 Çin yuanı əvəzinə 18 699 Çin yuanına satılır. Bərpa edilmiş "Mate X6 Collector’s Edition" modelinin qiymətləri isə 16 GB RAM və 512 GB yaddaş üçün 11 099 Çin yuanı, 1 TB yaddaş üçün isə 11 899 Çin yuanı təşkil edir.
Qeyd edək ki, bərpa edilmiş smartfonlar müxtəlif qüsurlar səbəbindən alıcılar tərəfindən mağazalara qaytarılmış cihazlardır. Bu cür məhsullar istehsalçıya göndərilir, bütün nasazlıqlar aradan qaldırılır və yenidən satışa çıxarılır. Nəticədə, istifadəçilər rəsmi satış sonrası xidmət və 1 illik zəmanət ilə təmin olunmuş tam işlək cihaz əldə edirlər.






