“Honor” şirkəti özünün ən iddialı layihələrindən biri olan “Robot Phone” smartfonu üçün rəsmi ön sifariş prosesini başladığını elan edib. Çin bazarında təqdim olunan cihaz üçün ilkin sifariş verən istifadəçilər “YOYO AI SVIP” abunəliyi, dörd oxlu “4DoF Gimbal” sisteminin bir il ərzində əvəz olunması və 300 ABŞ dolları dəyərində “trade-in” endirimi kimi üstünlüklər əldə edirlər. Satışların 2026-cı ilin avqust ayında başlaması planlaşdırılır.
Bu smartfonun texniki üstünlükləri nələrdir?
Cihazın ən diqqətçəkən özəlliyi korpusun yuxarı hissəsinə inteqrasiya edilmiş titan ərintisindən hazırlanan robotik kamera moduludur. Bu mexanizm cəmi 0,8 saniyə ərzində aktivləşir və CIPA 5.5 səviyyəsində mexaniki stabilizasiya təmin edir. Əsas kamera sistemi 200 MP-lik sensor, 50 MP-lik ultra geniş bucaqlı obyektiv və 200 MP-lik periskopik telefoto obyektivindən ibarətdir. “ARRI” şirkəti ilə əməkdaşlıq çərçivəsində smartfona peşəkar “Log-C” və “LUT” rəng korreksiyası formatları əlavə edilib.
Performans və süni intellekt imkanları
Sızdırılan məlumatlara görə, smartfon “Qualcomm Snapdragon 8 Elite Gen 5” prosessoru və 1,5K təsvir ölçülü 6,3-6,4 düymlük ekranla təchiz edilib. Cihazın enerji təchizatı 120 Vt gücündə sürətli şarjı dəstəkləyən batareya ilə həyata keçirilir. Bundan əlavə, yerli “YOYO AI” modeli istifadəçinin vərdişlərini və emosiyalarını təhlil edərək daha fərdiləşdirilmiş təcrübə təqdim edir.






