2026-cı ilin birinci rübünün yekunlarına əsasən, Rusiyada oyun konsollarının satış həcmi ədəd ifadəsində 22% artaraq 459 min cihaza çatıb. "RBK" nəşrinin "М.видео-Эльдорадо" şəbəkəsinin məlumatlarına istinadən verdiyi xəbərə görə, pul ifadəsində bu artım 29% təşkil edərək 8,6 milyard rus rublu olub. Qeyd edək ki, ötən ilin analoji dövründə hər iki göstərici müvafiq olaraq 20% və 34% azalmışdı. Analitiklər mövcud satış partlayışını noyabr ayında gözlənilən "Grand Theft Auto VI" oyununun çıxışı ilə əlaqələndirirlər.
"GTA VI" relizi bazara necə təsir edir?
İlkin olaraq 2025-ci ildə buraxılması planlaşdırılan "GTA VI" oyununun reliz tarixi dəyişdirilərək 19 noyabr 2026-cı ilə təyin edilib. Başlanğıc mərhələdə bu oyun yalnız "Sony PlayStation 5" və "Microsoft Xbox Series X|S" flaqman konsollarında əlçatan olacaq. "Take-Two" nəşriyyatının rəhbəri Ştraus Zelnik (Strauss Zelnick) hələ fevral ayında verdiyi müsahibədə konsol satışlarının artacağını proqnozlaşdırmışdı. Ekspertlərin fikrincə, eksklüziv relizlər həmişə cihaz satışlarını stimullaşdırır. Məsələn, "Spider-Man" seriyası "PlayStation" konsolunun 100 milyonluq satış həddini keçməsinə kömək etmiş, "Halo 3" oyununun çıxdığı ayda isə "Microsoft Xbox 360" satışları ikiqat artaraq 527 minə çatmışdı.
"Sony" bazarın lideri kimi mövqeyini gücləndirir
Bazardakı ən yüksək dinamika məhz "Sony PlayStation" seqmentində qeydə alınıb. Şirkət bazarı qabaqlayaraq ədəd ifadəsində 51%, pul ifadəsində isə 42% artım nümayiş etdirib. Bir il ərzində "Sony" markasının Rusiya konsol bazarındakı payı kəmiyyət baxımından 21%-dən 26%-ə, gəlir baxımından isə 68%-dən 75%-ə yüksəlib. Eyni zamanda, geymerlərin kütləvi şəkildə köhnə nəsildən yeni nəsil cihazlara keçid etdiyi müşahidə olunur. Gələcəkdə "Steam Machine" cihazının debütü hesabına "Valve Steam" ekosisteminin də satışlarda öz mövqeyini gücləndirəcəyi proqnozlaşdırılır.
Digər markalar və qiymət tendensiyaları
Baxmayaraq ki, "Sony" satılan bütün konsolların 26%-ni təşkil edir, kəmiyyət baxımından satışların təxminən yarısı az tanınan markaların payına düşür. Retro konsolların payı 2,1%, SUP formatlı oyun həllərinin payı isə 7,8% təşkil edir. Lakin "Nintendo" və "Microsoft" markalarının paylarında azalma müşahidə olunur: birincidə bu göstərici 4,5%-dən 3,1%-ə, ikincidə isə 3%-dən 1%-ə qədər enib. Pul ifadəsində isə vəziyyət fərqlidir: "Sony" bazarın 75%-ni, "Valve" 9%-ni, "Nintendo" isə 5%-ni tutur. Hazırda qiyməti 48 min rus rublundan baha və 1,5 min rus rublundan ucuz olan cihazlara tələbat artır, orta qiymət seqmenti isə daralır.






