"SpaceXAI" tərəfindən hazırlanan və süni intellekt texnologiyasına əsaslanan "Grokipedia" layihəsi yeni v0.3 yeniləməsi ilə istifadəçilərin ixtiyarına verilib. Şirkətin dizayn rəhbəri Benji Taylor bu yenilənməni platformanın "təzələnmiş versiyası" kimi xarakterizə edib. Yeniləmə çərçivəsində platformanın loqosu dəyişdirilib, ana səhifə və canlı redaktə səhifələri isə daha müasir interfeyslə təchiz olunub.
"Grokipedia"-da hansı yeniliklər var?
Əvvəllər yalnız loqo və axtarış panelindən ibarət olan ana səhifə artıq daha zəngin məzmun təqdim edir. İndi istifadəçilər əsas səhifədə ən çox oxunan məqalələri, seçilmiş yazıları və "son redaktələr" izləyicisini görə bilərlər. Xüsusilə, kitab metaforasından istifadə edilərək hazırlanan vizual elementlər və üfüqi sürüşdürülə bilən rəflər platformaya yeni estetik görünüş qazandırıb.
Platformanın tarixi və inkişafı
İlk dəfə 2025-ci ilin oktyabrında v0.1 versiyası ilə istifadəyə verilən "Grokipedia", "Wikipedia" səhifələrinin süni intellekt tərəfindən klonlanmış versiyalarını təqdim edirdi. Bir ay sonra v0.2 yeniləməsi tətbiq edilsə də, ötən ilin avqust ayında layihənin fəaliyyətinin dayandığı və üç aydan çox müddətdə heç bir məqalənin yenilənmədiyi bildirilmişdi. Hazırkı v0.3 yeniləməsi "SpaceXAI"-ın bu layihəyə marağının yenidən artdığını göstərir, lakin şirkət hələlik rəsmi şərh verməyib.






