"Google" şirkəti süni intellekt texnologiyalarının axtarış sisteminə təsirini tənzimləmək məqsədilə yeni pilot proqramına start verib. "The Information" nəşrinin məlumatına görə, hazırda təxminən 100-ə yaxın naşir bu proqramın iştirakçısıdır. Təşəbbüs "Google"-un süni intellekt funksiyalarının veb-trafikə mənfi təsiri ilə bağlı artan tənqidləri fonunda həyata keçirilir.
Proqram çərçivəsində naşirlərə onların məzmununun "AI Overviews", "AI Mode" və "Gemini" çatbotu tərəfindən istifadə dərəcəsinə görə ödəniş edilir. İlkin nəticələrə əsasən, proqrama erkən qoşulan naşirlərdən biri bir il ərzində 1 milyon ABŞ dollarından çox gəlir əldə edib. Daha gec qoşulan digər iştirakçılar isə bir neçə ay ərzində 50 min ilə 60 min ABŞ dolları arasında vəsait qazanıblar.
Nə üçün bu proqram təsis edilib?
"Google"-un süni intellektə əsaslanan axtarış yenilikləri həm naşirlərin, həm də qlobal tənzimləyicilərin ciddi narazılığına səbəb olub. Xüsusilə, Böyük Britaniya iyun ayında şirkətin naşirlərə öz məzmunlarını süni intellekt axtarışından çıxarmaq imkanı verməsini tələb edib. Eyni zamanda, Avropa İttifaqı da axtarış sisteminin veb-trafikə təsiri ilə bağlı araşdırmalara başlayaraq, "Google"-dan müəyyən dəyişikliklər etməyi tələb edib.






